Ali Məhkəmənin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun iddiası əsasında bir neçə ailənin əlindən alınan “Çıxarış”lı əmlakları ilə bağlı şikayətlərini təmin etməməsi böyük rezonansa səbəb olub.
Xatıladaq ki, bir neçə vətəndaş vicdanlı alıcı kimi pul verib təmir etdirdiyi və bir neçə ildir ki, yaşadıqları evlərindən məhrum edilib.
Bu barədə qərarı isə Ali Məhkəmənin Elşad Şamayev Yaquboviç adlı hakim verib.
Gununsesi.info olaraq, bilə-bilə qanunsuz qərar çıxaran Ali Məhkəmə hakimi Elşad Şamayevin kimliyi haqqında araşdırma apardıq.
Gəldiyimiz nəticə isə sensasion oldu.
Məlum oldu ki, Elşad Şamayev hələ uzun illər əvvəl Eldar Mahmudovun sifarişli işlərini icra edən hakim olub.
Söhbət Eldar Mahmudovun birbaşa göstərişi ilə həbs edilən, sonradan bəraət almış Mətləb Mustafayevin işindən gedir.

Mətləb Mustafayev sabiq MTN polkovniki, şöbə rəisinin müavini Malik Mustafayevin qardaşıdır.
Mətləb Mustafayevin MTN tərəfindən həbsindən bir neçə gün sonra bu qurumda yüksək vəzifə tutan qardaşı Malik Mustafayev bu ədalətsizliyə dözməyərək intihar etdi.
Həmin dövrdə Səbail Rayon Məhkəməsi Mətləb Mustafayevə silah saxlama ittihamı ilə üç il azadlıqdan məhrumetmə cəzası vermişdi.
Həmin hökmü isə Səbail Rayon Məhkəməsinin hakimi Elşad Şamayev çıxarmışdı.
Sonradan isə Mustafayevə bəraət verilib və həbs nəticəsində dəymiş ziyana görə kompensasiya ödənilib.

Bundan başqa, MTN-nin Antiterror Mərkəzinin sabiq rəhbəri Elçin Quliyevin məhkəmədə Mətləb Mustafayevin həbsi ilə bağlı verdiyi ifadələr də diqqət çəkmişdi.
General öz məhkəməsində Eldar Mahmudovun göstərişini yerinə yetirdiyini və Mustafayevin evinə silah qoydurduğunu etiraf etmişdi.
Beləliklə, bir tərəfdə MTN dövrünün qanunsuzluqları ilə əlaqələndirilən Elşad Şamayevin sifarişli hökmü və sonradan verilmiş bəraət, digər tərəfdə isə Eldar Mahmudovun ailəsinin vətəndaşların qanuni əmlaklarına çökmək istəyinə yenə də Elşad Şamayevin “yaşıl işıq” yandırması faktı…
Prezident İlham Əliyevin “MTN İşi” barədə danışarkən “reket dəstə” ifadəsini də heç kəs unutmayıb.
Mətləb Mustafayev bəraət alandan sonra Elşad Şamayev bilə-bilə qanunsuz hökm çıxardığı üçün cinayət məsuliyyətinə cəlb olunub, həbsə göndirlmək əvəzinə rayon məhkəməsi hakimliyindən Ali Məhkəmə hakimliyinə yüksəldi.
Onu bu posta yükləndənlərə isə “ölkə rəhbərinə xəyanət yolunu tutanlardır” deməkdən başqa söz qalmır.
Pərviz Həşimli
Gununsesi.info










