Xəzərin canlıları məhv olur – balıqlar da kürü qoymurlar

  • By admin
  • 18 Noyabr 2021 16:51

Xəzər dənizinin suyu hər 5-10 ildən bir azalır. Son 10 ildə Xəzərdə suyun səviyyəsi 10-15 sm azalıb. Bu da dənizin sahil hissələrinin çəkilməsinə səbəb olur.

Ekoloq Eyyub Sultanov Modern.az-a açıqlamasında bildirib ki, temperaturun 1,5 dərəcə artması və istiləşmə prossesi, son illərdə yağan yağışın miqdarının buxarlanan suyun miqdarından qat-qat az olması Xəzərdə suyun azalmasına təsir göstərən amillərdəndir.

Ekoloq qeyd edib ki,  Rusiyada Volqa çayının ətrafda yaşayan 25-30 milyon əhali tərəfindən həm kənd təsərrüfatında, həm də məişətdə istifadə edilməsi də Xəzərin suyunun azalmasına təsir göstərir.

“Nəzərə alsaq ki, dünyada olan bitkilərin 60 faizi dənizlərin, göllərin şelf ərazisində yerləşir. Bu, gələcəkdə daha böyük ekoloji problemlərlə qarşılaşa biləcəyimizdən xəbər verir. Xəzərdə suyun çəkilməsi oradakı bitki örtüyünün məhvi deməkdir və təhlükə təkcə bununla bitmir. Bu bitkilərlə qidalanan canlıların yemi azalır və bu canlı aləmin genetik müxtəlifliyinə böyük təsir göstərir. Xəzərin suyunun 10-15 sm azalması böyük su kütləsinin itkisi deməkdir”.

Ekoloq bildirib ki, qeyd olunan problem səbəbi ilə artıq balıqlar öz kürülərini Xəzər dənizinə qoymurlar:

“Çünki kürünün səthi nazikdir. Duz onu əridir. Ona görə balıqlar şirin suya, Kür  çayına doğru istiqamət alırlar. Su çəkiləndə isə balıqların Kürə doğru hərəkəti çətinləşir. Əmələ gələn qabarlaşmalar onların hərəkətinə mane olur. Bu kütləvi surətdə balıqların azalmasına təsir göstərən əsas faktdır. Bundan əlavə, son illər Xəzərdə yaşayan suitlərinin həlak olması halı ilə də tez-tez qarşılaşırıq”.

Xəzərin suyunun azalmasının təkcə Azərbaycan üçün yox, Xəzərətrafı ölkələr üçün də qlobal, ekoloji problem yaratdığın bildirən E.Sultanov vəziyyətin  Azərbaycan və Qazaxıstan üçün daha kritik olduğunu bildirib.

Gununsesi.info