Son vaxtlar diqqətlər yenə İranın sabiq prezidenti Mahmud Əhmədinejada yönəlib.
Qərb mətbuatının məlumatına görə, müəyyən çevrələr sabiq prezidenti yenidən hakimiyyətə gətirmək istəyirlər.
Bəs Əhmədinejadın iqtidara qayıtması mümkündürmü?
Siyasi təhlilçi Elman Cəfərli Gununsesi.info-ya deyib ki, bir sıra Qərb mediasında ABŞ və İsrail daxilində müəyyən çevrələrin Əhmədinejada “keçid fiquru” kimi baxdığı barədə iddialar dərc olunsa da reallıq belə düşünməyə əsas vermir:

“Əhmədinejad İranın ən qalmaqallı, ən ziddiyyətli siyasi fiqurlarından biridir. Mahmud Əhmədinejad mühafizəkar qanada mənsub siyasətçidir. İslam inqilabı zamanı gənclər qolunun liderlərindən olan Əhmədinejad Qərbə, xüsusilə ABŞ-a qarşı kəskin mövqeyi ilə seçilirdi. Hətta onun ABŞ-nin Tehrandakı səfirliynə hücumun əsas təşkilatçılarından biri olduğu bildirilirdi. Prezident işlədiyi dövrdə Əhmədinejad sosial islahatlarla yadda qaldı.
Onun zamanında, 2005–2013-ci illərdə hökumət xalqçı-sosial siyasət həyata keçirdi, milyonlarla iranlı güzəştli şərtlərlə mənzilə sahib oldu. İri şəhərlərin kənarında yaşayış məntəqələri salındı. Mən belə mənzillərdən birində olmuşam. Tehran yaxınlığında bir qəsəbədə bir ailəyə qonaq olduq, mənzilin sahibi, ailəsi o qədər xoşbəxt idilər ki. Prezidentdən də çox razılıq edirdilər.
M.Əhmədinejad hökuməti sosial layihələr icra etdi, çoxlu mənzil tikdi, subsidiyalar ayırmaqla kəndlərin inkişafına təkan verdi. Prezidenti kəndlərə gedir, insanlarla təmasda olur, kasıbları dinləyir, işsizlər üçün proqramlar həyata keçirirdi. Mahmud Əhmədinejadın siyasəti tikinti sektoru canlandırdı, yüz minlərlə iş yeri açıldı, kasıb ailələrin mənzillərə əlçatanlığı təmin edildi. Mahmud Əhmədinejadın xalqçı siyasəti o həddə çatdı ki, artıq onu sistem daxilində təhlükə kimi görməyə başladılar.
Tezliklə M.Əhmədinejadın siyasəti tənqidlərə məruz qaldı. Tərslikdən problemlıər də var idi. Bir sıra binalar keyfiyyətsiz tikilmişdi, su, qaz, məktəb, nəqliyyat kimi infrastruktur çatışmırdı, şəhərlərdən uzaq “səhralıq” ərazilərdə salınmışdı.
Mahmud Əhmədinejadın dövründə kəndlərdə səhiyyə mərkəzləri açılmışdı, ali mətkblərin sayı artmışdı. Amma tənbqidçilər bildirirdilər ki, hamıya əlçatan səhiyyə keyfiyyətsizdir. O cümlədən sayı artmış univeristetlər keyfiyyətli kadrlar hazırlamır. Əhmədinejad hökumətinə yönəlik korrupsiya itithamları da çoxalmışdı.
Üstəlik o, özünə SEPAH-da çoxlu düşmən qazanmışdı. Prezidentlikdən sonra da Mahmud Əhmədinejad sistemlə ciddi münaqişəyə getdi. Bəzən o açıq mətnlə dini liderləri tənqid edir, rejimi korrupsiyada ittiham edirdi. Özünü “xalqın adamı” kimi göstərir, bununla da getdikcə sistemdən uzaqlaşırdı.
İş o yerə çatdı ki, yuxarılar onu etibarsız adam kimi xarakterizə etdilər və siyasi elitaya yolunu bağladılar.
2017 və 2021-ci illərdə prezidentliyə namizəd olmaq istəsə də, Nəzarət Şurası onu seçkiyə buraxmadı”.
E. Cəfərli hesab edir ki, xalqın yaddaşında “ədalətli, mərhəmətli prezident” kimi qalmış Mahmud Əhmədinejadın siyasətə qayıdışı tamamilə mümkündür:
“İş tapmış işsizlər, mənzil almış evsizlər onu indi də onu xatırlayırlar. Qərbdə də onu hakimiyyətə gətirmək istəyən qüvvələr ola bilər. Amma hazırda real hakimiyyət SEPAH-ın əlindədir. Əhmədinejad bir zamanlar İsrailə qarşı ən sərt çıxış edən İran siyasətçilərindən biri olub. Əhmədinejadın hakimiyyətə gəlişi İsrailə nə verə bilər ki? İran xalqı Əhmədinejadın hakimiyyətə gəlişinə “hə” deyə bilər. Amma son sözü Eksperltər Şurası və SEPAH deyəcək”.
Şəbnəm Rəhimova











