Həbsdən azad olmaq hüquqi prosedurdur. Lakin cəzanın başa çatması nə cəmiyyətin yaddaşını silir, nə də insanların yaşadıqlarını unudur.
Bir zamanlar özünü qanunun təmsilçisi kimi təqdim edənlərin bir qismi qanunun özünü tapdaladı. Günahsız insanların şərlənməsi, ailələrin faciələrlə üzləşməsi, insanların həyatının, sağlamlığının, karyerasının və taleyinin məhv edilməsi heç vaxt adi statistika olmayıb. Bunlar konkret insan taleləri idi.
Belə əməllər təkcə ayrı-ayrı şəxslərə qarşı deyil, dövlətə, ədalətə və cəmiyyətin hüquq-mühafizə sisteminə olan etimada qarşı da yönəlmiş cinayətlər idi.
Eldar Mahmudovun başçılıq etdiyi mütəşəkkil cinayət dəstəsinin törətmiş olduğu əməllərin ağırlığı nəzərə alınanda Elçin Quliyevə verilmiş cəza törədilənlərin tam qarşılığı deyil əslində. Vicdanlarda bu məsələ çoxdan hüquqi müstəvidən çıxaraq mənəvi ədalət məsələsinə çevrilib.
Tarix göstərir ki, vəzifələr bitir, cəzalar başa çatır, amma insanların yaddaşı qalır. Ən ağır hökm isə məhz həmin yaddaşın verdiyi hökmdür. İnsan cəzasını çəkə bilər. Amma vicdanın hökmü ömür boyu davam edir.
Bu gün məhkum Quliyevin qarşısında bəlkə də həyatda ilk dəfə azad seçim imkanı var: susmaq, yoxsa danışmaq.
İllərlə üstü örtülmüş hadisələr barədə danışmaq…
Günahsız insanların hansı mexanizmlərlə şərləndiyini danışmaq…
Kimlərin sifariş verdiyini, kimlərin icra etdiyini, kimlərin susduğunu danışmaq…
Yerigəlmişkən, Elçin Quliyev nazirinin sifarişi əsasında həbs etdiyi Mətləb Mustafayevi şərlədiyini məhkəməsində etiraf etdi.
Bu o, Mətləb Mustafayevdir ki, MTN onu həbs edəndən sonra bu qurumda şöbə rəisi olan qardaşı Malik Mustafayev özünü asaraq öldürdü.
O Malik Mustafayev ki, ölümündən qabaq 30 il xidmət etdiyi qurumun ona xəyanət etdiyini demişdi.
Elçin Quliyev məhkəməsində “Eldar Mahmudov mənə zəng edib bildirdi ki, Zakir Qaralovla razılaşdırıb, Mətləbi həbs et. Mən də onun evinə silah qoydurdum” deyə sifariş aldığını tam etirar etmişdi.

İndi Elçin Quliyev sabiq nazir Nicat Quliyevin və mənim evimə qara maskalı quldur dəstənlə basqın edib necə şərlədiyin haqqında danışmaldır.
Çünki həmin illərin qaranlığında cavabını gözləyən suallar, haqqını gözləyən insanlar, rahatlıq tapa bilməyən ailələr var.
O vaxt gərinə-gərinə: “Gördün, torbanı necə tikdim? Bu ölkədə həbs edən də, azad edən də bizik”, – deyirdin. Bəlkə uzun həbs illəri ağlını bir az da olsa başına gətirib. Bu gün ağıllı ol. Susma. Danış. O hadisələrin bütün həqiqətlərini danış. Çünki artıq arxasında gizlənəcəyin heç bir vəzifə yoxdur. İndi səni qoruyacaq yeganə şey həqiqətin özüdür.
Bəzən bir etiraf onlarla istintaq materialından daha qiymətli olur. Bəzən bir həqiqət illərlə susdurulmuş insanların haqqını özünə qaytarır.
Əgər doğrudan da vicdan deyilən bir məfhum varsa, bəlkə elə indi onun səsinə qulaq asmağın vaxtıdır?
İtirilmiş illəri geri qaytarmaq mümkün deyil. Amma həqiqəti deməklə kimlərinsə ürəyində illərlə qanayan yaranın sağalmasına, günahsız insanların adının təmizlənməsinə, tarix qarşısında mənəvi borcun heç olmasa bir hissəsinin ödənilməsinə xidmət etmək mümkündür.
Bunu təkcə cəmiyyət qarşısında mənəvi borcunu yerinə yetirmək üçün deyil.
Həm də öz ailəsi, övladları və yaxınları qarşısında kişi kimi vəzifəsini icra etmək üçündür.
İnsan övladına yalnız ad və soyad miras qoymur. Vicdanını, ləyaqətini və həyat hekayəsini də miras qoyur.
Səmimi etiraf, üzrxahlıq etmək və bağışlanma diləmək zəiflik deyil. Əksinə, insanın öz vicdanı ilə üz-üzə qala bilməsinin ən böyük cəsarətidir.
Qanunun verdiyi hökm bir gün başa çatır. Vicdanın, namusun və həqiqətin hökmü isə ömürlükdür. O hökmün ağır yükü yalnız həqiqəti etiraf etməklə yüngülləşdirilə bilər.
Pərviz Həşimli












