Azərbaycan yollarında ölüm statistikası - Avropa ilə müqayisədə acınacaqlı mənzərə

  • Müəllif: Orxan
  • 18 Noyabr 2026 11:23

Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı yüksək olaraq qalır. 

Gununsesi.info bildirir ki, 2026-cı ilin ilk 9 ayında baş verən yol qəzalarında 500 nəfər həyatını itirib, 640 nəfər isə yaralanıb.

Məlumata görə, 2025-ci il ərzində ölkədə yol qəzaları nəticəsində 689 nəfər ölüb, 1026 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Son illər ölüm hallarının sayında müəyyən azalma müşahidə edilsə də, Azərbaycan yol təhlükəsizliyi göstəricilərinə görə bir çox Avropa ölkəsindən ciddi şəkildə geri qalır.

Beynəlxalq praktikada yol təhlükəsizliyinin səviyyəsini müəyyənləşdirmək üçün hər 1 milyon sakinə düşən ölüm sayı əsas göstəricilərdən biri hesab olunur. Azərbaycanda 2025-ci ilin statistikasına əsasən, bu rəqəm təxminən 69–70 nəfər təşkil edir.

Avropa ölkələri üzrə təqdim olunan müqayisəli göstəricilərdə Norveçdə hər milyon sakinə 20, İsveçdə 20–21, Danimarkada 23, Böyük Britaniyada 24, İsveçrədə 25, İspaniyada 36–40, Fransada 45–48, Polşada isə 50–52 ölüm düşür.

Ən yüksək göstəricilər Rumıniya və Bolqarıstanda qeydə alınır. Bu ölkələrdə hər milyon sakinə düşən ölüm sayı müvafiq olaraq 85–90 və 82–88 arasında göstərilir.

Beləliklə, Azərbaycan yol qəzalarında ölüm səviyyəsinə görə Avropanın bir çox ölkəsini geridə qoyur və yüksək ölüm göstəricisi olan ölkələr sırasında yer alır.

Ekspert yanaşmalarına görə, problemin əsas səbəblərindən biri yol infrastrukturunun təhlükəsizlik tələblərinə cavab verməməsidir. Bir çox yollarda işıqlandırmanın zəif olması, yol nişanlarının və nişanlanmanın çatışmazlığı, asfalt örtüyünün vəziyyəti, təhlükəsiz piyada keçidlərinin və səkilərin yetərsizliyi qəza riskini artırır.

Xüsusilə gecə və toran vaxtlarında baş verən ağır yol qəzaları işıqlandırma və görünüş şəraitinin yaxşılaşdırılmasının vacibliyini gündəmə gətirir.

Digər ciddi problem sürücülərin qeyri-peşəkarlığı, sürət həddinin aşılması, yol hərəkəti qaydalarına əməl edilməməsi, eləcə də bəzi piyadaların təhlükəsizlik qaydalarına laqeyd münasibətidir.

Lakin yol qəzalarının məsuliyyətini yalnız sürücülərin və piyadaların üzərinə qoymaq düzgün olmazdı. Təhlükəsiz yol infrastrukturu yaratmaq, qəza riski yüksək olan əraziləri müəyyənləşdirmək və ölüm hallarının qarşısını almaq aidiyyəti dövlət qurumlarının əsas vəzifələrindəndir.

Məsələnin digər faciəvi tərəfi isə yol qəzalarında sağ qalan, lakin ağır xəsarətlər nəticəsində əmək qabiliyyətini və sağlamlığını itirən insanlarla bağlıdır. Bu hadisələr yüzlərlə ailə üçün həm mənəvi, həm də ağır sosial-iqtisadi problemlər yaradır.

Mövcud statistika göstərir ki, Azərbaycanda yol təhlükəsizliyi sahəsində yalnız cərimələrin artırılması və radarların quraşdırılması ilə kifayətlənmək olmaz. Əsas məqsəd qəzaların qarşısını almaq, yol infrastrukturunu müasir təhlükəsizlik standartlarına uyğunlaşdırmaq və insan həyatını qorumaq olmalıdır.

Çünki yol təhlükəsizliyinin əsas göstəricisi toplanan cərimələrin məbləği deyil, xilas edilən insan həyatlarının sayıdır.

Gununsesi.info