Avropa Şurasından jurnalistlərə mühüm çağırış

Avropa Şurası jurnalistlər üçün uşaqlara qarşı cinsi zorakılığın mediada necə işıqlandırılmasına dair xüsusi təlimat hazırlayıb.

Gununsesi.info xəbər verir ki, təlimatda 10 əsas prinsip yer alıb. Jurnalistlərə zərərçəkmiş uşaqların adlarını, şəkillərini, yaşadıqları və oxuduqları yerləri, ailələri ilə bağlı məlumatları yaymamaq tövsiyə olunur. Uşağın kimliyini üzə çıxara biləcək hər hansı məlumatın paylaşılmasından çəkinmək vacib sayılır.

Sənəddə qeyd olunur ki, uşağın razılığı cinsi zorakılığa haqq qazandırmır. Buna görə də belə hadisələr haqqında yazılarkən zorakılığı adi münasibət kimi göstərən ifadələrdən istifadə edilməməlidir.

Təlimatda jurnalistlərə sensasiyalı başlıqlardan, zorakılığı əks etdirən açıq görüntülərdən və uşaqlara əlavə psixoloji zərər verə biləcək yazılardan çəkinmək tövsiyə edilir.

Avropa Şurası bildirir ki, jurnalistlər diqqəti zərərçəkmiş uşaqlara deyil, zorakılığı törədən şəxslərə və belə hallara səbəb olan problemlərə yönəltməlidirlər.

Təlimat Lanzarote Konvensiyasına əsaslanır. Bu sənəd uşaqların cinsi istismar və zorakılıqdan qorunmasını nəzərdə tutur.

Təlimat hazırda ingilis, fransız, alman və italyan dillərində mövcuddur. Onun Azərbaycan və bir sıra başqa dillərə də uyğunlaşdırılması planlaşdırılır.

Avropa Şurasının məlumatına görə, Bakıda keçiriləcək tədbirdə təlimatın Azərbaycan dilinə uyğunlaşdırılmış versiyası təqdim olunacaq. Bu, uşaqların zorakılıqdan və cinsi istismardan qorunmasına dair layihənin yekun konfransı çərçivəsində baş tutacaq. Sənəd yerli tərəfdaşlarla da müzakirə ediləcək.

Xatırladaq ki, Uşaqların cinsi istismar və zorakılıqdan müdafiəsi günü 2015-ci ildən qeyd olunur. Bu günün məqsədi uşaqlara qarşı zorakılığın qarşısını almaq, belə halları törədən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək və zərərçəkmiş uşaqları qorumaqdır.

 

 

Gununsesi.info