Azərbaycanda bir ilk - Sosial şəbəkədə şərhlərə görə sayt cərimələndi

  • By admin
  • 07 Fevral 2022 11:43

Azərbaycan məhkəməsi  “yeniavaz.az” saytının təsisçisi “Azərmedia” MMC-ni 1500 manat cərimələyib.

Səbəb saytın Facebook səhifəsində siyasi fəal Tofiq Yaqublunun özünün özünə xəsarət yetirməsi haqda prokurorluğun yaydığı məlumata sosial şəbəkə istifadəçilərin yazdığı şərhlərdir.

Prokurorluq “Azərmedia” MMC-nin rəhbəri Anar Qaraxançallını çağıraraq, ondan saytın Facebook səhifəsindən sözügedən (“Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” başlıqlı) materialın yığışdırılmasını tələb etsə də, o, bundan imtina edib.

Bundan sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2 (internetdə yerləşdirilmiş, yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsilə iş başlanıb.

İnzibati xəta protokolu baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə prokurorluğun nümayəndəsi deyib ki, sayt rəhbərliyinin böhtan, təhqir xarakterli şərhləri silmək öhdəliyi var və buna görə məsuliyyət daşıyır.

Vəkil Nemət Kərimli isə “Azərmedia” MMC-nin heç bir qanun pozuntusuna yol vermədiyini, prokurorluğun addımının mediaya təzyiq olduğunu vurğulayıb.

Vəkil vurğulayıb ki, prokurorluğun nümayəndəsinin şərhləri silmək öhdəliyi haqda dedikləri də əsassızdır. Heç yerdə belə bir öhdəlik olduğu yazılmayıb.

Hakim Elməddin Hüseynov Baş Prokurorluğun tərtib etdiyi protokolu təmin edərək, “Azərmedia” MMC-ni 1500 manat cərimələyib.

Vəkil Nemət Kərimli AzadlıqRadiosu-na bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

“Yeniavaz.az”ın Facebook səhifəsində yayımlanan bu materialın şərh bölümündə yazılan rəylərə görə materialı yayan Namiq Əliyev 1 ay inzibati qaydada həbs edilib.