Braziliya Televiziyasının (TV Brasil) “Ünsiyyət yolları” verilişinin növbəti sayı Azərbaycana həsr olunub.
Telekanalın çəkiliş qrupu ölkəmizə səfər edərək xalqımızın tarixi, mədəniyyəti, dünəni və bu günü barədə maraqlı veriliş hazırlayıb.
Verilişdə Azərbaycan xalqının qədim tarixə malik olduğu bildirilib. Qeyd olunub ki, azərbaycanlılar minilliklər boyu Qafqazda yaşayıblar.
Ölkəmiz haqqında danışan Bakıdakı Braziliya səfirliyinin müşaviri Aleksander Silveyra vurğulayıb ki, braziliyalılar üçün Azərbaycan yalnız ekzotik bir uzaq diyar deyil.
“Azərbaycanın dünyaya təklif edə biləcəyi çox şeyi var. Bu ölkə dünyada bir çoxlarının bildiyindən daha vacib rol oynayır. Əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycan dünyəvi dövlətdir. Burada içki, geyim və davranış məhdudiyyətləri yoxdur. Azərbaycan sizi xoş qarşılayan bir məkandır, burada normal həyat sürmək mümkündür”, – deyə diplomat məlumat verib.
Proqramda Azərbaycanın Braziliyadakı səfirliyinin dəvəti ilə ölkəmizə gələn müxbirlər Flavia Peyşotu və Siqmar Qonsalveş gənc aşpaz Yaqub Zeynalzadənin köməyi ilə zəngin yerli mətbəximizi nümayiş etdiriblər.
Verilişdə Azərbaycanda Braziliya futbolu ilə yanaşı, kapoeyranın da çoxlu azarkeşlərinin olduğu qeyd edilib.
“Kapoeyra sadəcə idman deyil, həyat tərzidir. Rəqs, musiqi və güləşin vəhdəti mənə bu idman növünü sevdirib”, – deyə Azərbaycan Kapoeyra Federasiyasının rəsmisi Elgiz Əlizadə bildirib.
Braziliya Televiziyasının ölkəmizə həsr olunmuş verilişini təqdim edirik: