Dilə, ədəbiyyata, tarixə tövhə verənlərin aqibəti yenəmi belə olacaq? - ELXAN ZAL YAZIR

  • By admin
  • 12 Noyabr 2025 12:48

AMEA-nın 80 illik yubileyi keçirildi, cənab Prezident mərasimdəki çıxışında dilimizin inkişaf etdirilməsi məsələsini əlaqədar təşkilatlar qarşısında prioritet məsələ kimi qoydu.

 

Qaraxanlı Mahmud Kaşqarinin “Divani lüğət it türk” əsəri bütün türk dillərinin ana kitabı hesab olunur.

Bu qiymətli əsər elə 80 il əvvəl Səid Xocayevin rəhbərliyi altında ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcümə olunub və sonra düşmənlər tərəfindən repressiyaya uğradılıb.

 

80 il bu qiymətli tərcümənin aqibəti barədə şailələr dolaşdı, fantastik əhvalatlar uyduruldu.

Mən bilən, onun tapılması ilə bağlı cənab Prezident də göstəriş vermişdi. Anar Pzayev, Arif Əmrahoğlu və mən 2005-ci ildə M. Kaşqari fondunu yaradanda əsərin tərcüməsinin tapılmasını və nəşrini gündəm məsələsi kimi qoyduq.

 

Axtarışlara “Ədəbiyyat qəzetinin” redaktoru Azər Turan da çox güc və vaxt sərf etdi. Lakin tərcümə tapılmadı. Sonda Besim Atalayın türkcə tərcüməsinin əsas götürülərək nəşr olunması qərara alındı və rəhmətlik Ramiz Əsgər bunun öhdəsindən məharətlə gəldi.

 

Günlərin birində isə Dilçilik İnstitunun yeni direktoru, professor Nadir Məmmədli 70-80 il əvvəl itmiş və yaxud itirilməyə çalışılmış, vərəqlərinə möhtəşəm alimlərin ahları hopmuş əsəri tapdı və onun rəhbərliyi altında, “Divani lüğət it türkün” yazılmasının 950 illiyinin YUNESKO tərəfindən qeyd olunması ərəfəsində nəşr edildi.

Professor Nadir Məmmədlinin bu işi, bu əməli Elmlər Akademiyasının varlıq göstərdiyi 80 il ərzində görülən ən möhtəşəm işlərin biriydi, bəlkə də birincisiydi.

 

Lakin 80 illiklə bağlı mükafatlandırılanların sırasında onun adını görmədikdə, məmurların belə hərəkətləri ilə dəfələrlə rastlaşsam da, çox məyus oldum.

Dilə, ədəbiyyata, tarixə tövhə verənlərin aqibəti yenəmi belə olacaq? Bəs, cənab prezidentin cızdığı xətt, qoyduğu prioritet harada?

 

Elxan Zal

Gununsesi.info