Keçmiş siyasi məhbus həbsdəki hər ayına, bu qədər təzminat alacaq

Bu gün Nəsimi rayon Məhkəməsi gənc fəal Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsinə qərar verib.

 Bu barədə Gununsesi.info-ya ictimai fəal Xalid Ağalıyev bildirib. Əzizov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Cinayət Məcəlləsinin 3 maddəsi ilə (narkotik və qanusnuz silah cinayətləri, iştişaşların təşkili) təqsirli bilinmiş Əzizov 2016-cu ildə azadlığa buraxılmışdı.

2021-ci ilin fevralında Avropa Məhkəməsi Əzizovun, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzlu-nun şikayətləri üzrə qərarında hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması qənatəinə gəlmişdi.

Bunun ardınca, Ali Məhkəmənin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəmə qərarlarını ləğv edib, onlara bəraət vermişdi. Əzizovun vəkili Fariz Namazlı Nəsimi rayon Məhkəməsinə müraciətində Plenumun qərarını əsas götürərək, ona dəymiş mənəvi zərər əvəzi 100 min manat təzminat ödənilməsini tələb edirdi.

Məhkəmə bu tələbi qismən təmin edib, hökumət Əzizova 36 min manat (həbsdəki hər ay üçün 1 min manat) təzminat ödəyəcək. Vəkil qərarı ədalətli saymır, qərardan şikayət edəcək.

Şəbnəm

Gununsesi.info