Nadir Qafarzadə: “Nə Bəhram Bağırzadəni, nə də məni anlayırlar” - Müsahibə

Müğənni Nadir Qafarzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Həmkarınız Aygün Kazımova ilə nə zamansa küsülü olmusunuz?

– Həyat yoldaşım da deyir ki, Aygün Kazımovadan inciyirsən? Cavab verirəm ki, hərdən olur. O da deyir ki, Aygündən küsmək olar?!

– Nadir bəy, yaxın günlərdə əməkdar artist Bəhram Bağırzadənın regionlardan Bakıya gələnlərin şəhər həyatına uyğunlaşa bilməməsi haqqındakı fikirlərinə dəstək oldunuz. Bu haqda nə deyə bilərsiniz?

– Bəhram Bağırzadəni çoxları başa düşmədi. O, tamam başqa mövzuda danışmışdı. Hətta Bəhramla telefonda da danışdıq. Mənə dedi ki, sən qorxmadın mənə zəng elədin? Dedim, niyə qorxuram? Sizi çox sevən insanam, siz tarix yazan adamsınız. Çünki “Bakılı Oğlanlar” KVN komandasının üzvləri tarix yaratmış insanlardır. Böyük səhnələri fəth ediblər, Azərbaycan bayrağını qaldırıblar…

Fikrimcə, çoxları Bəhram Bağırzadəni başa düşmədi. Onu yaxşı izləsələr, görərlər ki, Bəhram Bağırzadə nə demək istəyir. Mənim üçün kəndli-rayonlu söhbəti yoxdur. Özüm də rayonda böyümüşəm. Amma bu gün şəhərdə yaşayıramsa, şəhər qayda-qanunlarına riayət etməliyəm. Mənim düşüncəm belədir. Bəhram Bağırzadə də onu demişdi.

Şəhərin öz qayda-qanunu, öz tələbləri var. Şəhər qanunlarına uyğunlaşmaq lazımdır. Yenə deyirəm ki, mən kənddən gəldim və dəyişdim. Çünki şəhər məndən başqa şeylər tələb etdi.

– Niyə sizin sosial şəbəkədə paylaşımlarınız və bildirdiyiniz fikirlər səs-küyə səbəb olur?

 

– Yəqin böyüklükdəndir, ağsaqqal sözü… Ola bilər, bu da mənim özəlliyimdir. Mən düzgün, ədalətli insanam. Heç vaxt əyri danışmaram. Necə ki, Bəhram Bağırzadəni başa düşmürlər, məni də çoxları anlamır.

– Bəzi sənətçilərin plastik əməliyyat etdirməsi düzgün qarşılanmır və tənqid edilir. Siz də vaxtilə plastik əməliyyat elətdirmisiniz…

– Bəli, xüsusilə də səhnə adamı mütləq… Bu adam səhnədədir. Hər zaman dəyişməlidir. Bəs niyə artist deyirlər?! Ona görə plastik əməliyyatlara pis baxmıram. Əgər kompleksi varsa, bu normaldır.

– Sosial şəbəkələrdə oğlunuzun və gəlininizin fotolarını da paylaşırsınız.

– Bəli, bu barədə çox danışmaq istəmirəm, çünki qınaq obyektinə çevrilirəm. Nəsə reklam edirəm və sair kimi qarşılayırlar. Xeyr. Çünki bu, bizim ailəmizdir və hər kəs sosial şəbəkədə paylaşım edir.

Onu da deyim ki, sosial şəbəkələrdə çox biabırçı paylaşımlara rast gəlirik. Biz isə nümunəvi paylaşımlar edirik. Əslində, şəbəkə izləyicilərinin 99 faizi bunu qəbul edir, tərif yağdırır. Belə şeyləri paylaşmaq olar. Pis paylaşımları paylaşmayaq. Gənclərə pis örnək olmayaq.

Ailə dəyərlərini yaşatmalıyıq. Göstərməliyik ki, ailə dəyərləri belə olur. Ailədə çətinlik də, problemlər də mümükündür. Bunları gənclərə aşılamalıyıq ki, gələcəkdə ailələri möhkəm dayaq üzərində dayansın. Hər kəs xoşbəxt olsun!

Gununses.info