Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən evində axtarış aparılan AXCP sədri Əli Kərimli saxlanılıb.
Təfərrüatları tam məlum olmayan məsələ ilə əlaqədar ictimai-siyasi sferada çaxnaşma düşüb.
Real Alternativ Respublikaçı partiyasının sədri Natiq Cəfərli isə bu arada tənqidlərə məruz qalıb.
Belə ki, o, məsələ ilə bağlı münasibət bildirməyib, əvəzində isə başqa bir boşanma ilə bağlı status paylaşıb.
Bir çox insan onu həm sözügedən statunda, həm də özləri ayrıca olaraq qınayıblar ki, müxalif partiya sədri niyə Əli Kərimli haqqında status yazmır, müdafiə etmir?
Həmçinin bildiriblər ki, eks-sədr İlqar Məmmədov həbs olunanda Əli Kərimli onu və partiyanı müdafiə edib.
Natiq Cəfərli tənqidlərin bəzilərinə cavab olaraq yazıb:
“O tayfa 15 ildir söyür bizi, qara yaxır. Amma Allah qapısını açsın hamısının”.
Məsələ ilə bağlı Gununsesi.info Natiq Cəfərlidən münasibət öyrənib.
O, saytımıza açıqlamasında bildirib:
“Hələlik bu işlə bağlı dəqiq bilinən bir şey yoxdur. Rəsmi məlumat yayılandan sonra mən də münasibətimi bildirəcəm. Ancaq hələlik onu deyim ki, təəccüblənmədim”.
Orxan













