İyulun 1-də Bakıda ABŞ-nin müstəqilliyinin elan olunmasının 250-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-nin Dövlət himnləri səsləndirilib.
Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, 250 il ərzində Amerikanın yolu azadlıq düşüncəsi ilə müəyyənləşib.
“Bu, yaratmaq, qurmaq, yenilik etmək, fikrini açıq söyləmək, öz gələcəyini seçmək və yeni imkanlara doğru irəliləmək azadlığıdır. Amerika hər zaman gələcəyə yönəlmiş ölkə olub. İki əsrdən artıqdır ki, amerikalılar sabahın bugündən daha yaxşı olacağına inanaraq birlik nümayiş etdirirlər. Məhz bu, Amerika ruhudur.
Bu ruh dünyanın Amerika ilə bağladığı bir çox dəyərlərdə öz əksini tapır. O, nəsillərin zəhmətində, yaradıcılığında və yenilənmək istəyində görünür. O, Amerikanın güclü iqtisadiyyatında və sahibkarlığında əks olunur. Bu ruh məhsul və xidmətlərdə, mətbəxdə, mədəniyyətdə, əyləncədə və idmanda əldə olunan uğurlarda da hiss edilir. Bu axşam onların bir qismini yaxından görmək imkanı qazanacaqsınız. Həmçinin bu ruh mümkün görünməyəni gerçəkləşdirmək istəyində özünü göstərir. Bu ilin uğurlu və rekord nəticə göstərən “Artemis II” uçuşu bunun parlaq nümunəsidir.
Amerika ruhu ötən ilin avqustunda Vaşinqton şəhərində də özünü göstərdi. Sülh siyasi iradə tələb edir. Sülh keçmişin qarşıdurmalarından kənara baxaraq gələcək nəsillərin necə bir miras alacağını düşünən rəhbərlik tələb edir. Gücə söykənən sülh anlayışı 2025-ci il avqustun 8-də keçirilən tarixi Sülh Zirvəsinin əsasını qoydu. Həmin gün Prezident Trampın və dünya ictimaiyyətinin şahidliyi ilə Azərbaycan və Ermənistan uzun illər davam edən qarşıdurmanın səhifəsini çevirmək üçün mühüm addım atdılar. Tərəflər qarşıdurma deyil, bağlılıq, əməkdaşlıq və firavanlıq üzərində qurulan gələcək yaratmağa razılıq verdilər.
Bu sülhün yaratdığı imkanlar artıq öz bəhrəsini verməyə başlayıb. Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Marşrutu, eləcə də ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində biz Cənubi Qafqazı Şərqlə Qərbi birləşdirən, ticarəti genişləndirən, enerji təhlükəsizliyini möhkəmləndirən və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan bölgəyə çevirmək istiqamətində birgə çalışırıq”,-deyə Emi Karlon əlavə edib.
Çıxışında o, həmçinin bildirib ki, fevral ayında vitse-prezident Vens və Prezident İlham Əliyevin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası üç əsas istiqaməti – bölgələrarası bağlılığı, iqtisadi sərmayə və yenilikləri, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edir:
“Bu gün biz həmin əməkdaşlığı yeni enerji sərmayələri, süni zəka, məlumat mərkəzlərinin qurulması və digər qabaqcıl sahələr üzrə layihələrlə davam etdiririk. Məqsədimiz qarşılıqlı firavanlığa və iqtisadi inkişafa nail olmaqdır.
Bunlar uzaq gələcəyə aid planlar deyil. Bu işlər artıq həyata keçirilir. Ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri azərbaycanlı tərəfdaşlarla qabaqcıl materiallar, süni zəka, bulud hesablama və yeni nəsil texnologiyalar sahəsində 8 milyard dollardan çox dəyəri olan sazişlər imzaladılar. Bu sərmayələr, Tramp Marşrutu və təhlükəsizlik sahəsində dərinləşən əməkdaşlıq Cənubi Qafqazda sülhün dönməz xarakter almasına kömək edə bilər.
Bu yolda Azərbaycan xalqını etibarlı tərəfdaş kimi görürük. Minlərlə azərbaycanlı, o cümlədən bu axşam burada iştirak edən bir çox qonaq ABŞ mübadilə proqramlarında iştirak edib, Amerika universitetlərində təhsil alıb, Amerika qurumları ilə əməkdaşlıq edib və xalqlarımız arasında möhkəm insan bağlarının yaranmasına töhfə verib.
Məhz bu insan əlaqələri sayəsində ABŞ otuz ildən artıq müddətdə Azərbaycanın inkişafının mühüm mərhələlərində onun yanında olub. Müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşuq. Son 35 il ərzində sərmayəni, dialoqu və sülhə xidmət edən diplomatik səyləri dəstəkləmişik. Bu gün də daha sıx bağlı, daha firavan və daha təhlükəsiz gələcək naminə birgə fəaliyyətimizi davam etdiririk.
Bu əlamətdar Amerika yubileyini Azərbaycanda sizinlə birlikdə qeyd etmək mənim üçün böyük şərəfdir”.
Azərbaycan Hökuməti adından Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Baş nazirin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan ABŞ ilə 34 il əvvəl diplomatik münasibətlər qurduqdan sonra iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına hər zaman önəm verib və bu istiqamətdə müvafiq səylər göstərib.
Onun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq terrorizmə qarşı Qlobal Koalisiyada Azərbaycanın iştirakı, eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verilən töhfələr bunun bariz nümunəsidir. Samir Şərifov qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksələn dinamika ilə inkişaf edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.
Çıxışında o, həmçinin bildirib ki, fevral ayında vitse-prezident Vens və Prezident İlham Əliyevin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası üç əsas istiqaməti – bölgələrarası bağlılığı, iqtisadi sərmayə və yenilikləri, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığı əhatə edir.
“Amerika xalqı bugünkü qüdrətə çatmaq üçün uzun və çətin mübarizə yolu keçib. İrqi və dini mənsubiyyətindən asılı olmayaraq insanların bərabər hüquqlarının qorunmasını əsas dəyərlərindən biri sayan ABŞ bu gün dünyanın ən qüdrətli ölkələrindən biridir”.
Samir Şərifov qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksələn dinamika ilə inkişaf edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.
Baş nazirin müavini bildirib ki, həmin səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına, Zəngəzur dəhlizinin açılmasını və fəaliyyətini təmin edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması barədə sazişin imzalanmasına göstərdiyi dəstək və vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
Qeyd olunub ki, ikitərəfli münasibətlərdə formalaşmış müsbət dinamikanın davamı olaraq Azərbaycan və ABŞ liderlərinin sonrakı görüşləri, eləcə də ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin cari ilin fevralında Azərbaycana səfəri ölkələr arasında yüksəksəviyyəli dialoqun intensivliyini bir daha nümayiş etdirib.
Baş nazirin müavini Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirərək bildirib ki, bu sənəd iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin genişlənməsini dəstəkləyir.












Şəbnəm










