Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Amma hər yeni texnologiyanı tərəqqi kimi qəbul etmək, onun insan psixologiyasına və xüsusilə uşaqların inkişafına təsirini görməzdən gəlmək təhlükəli sadəlövhlükdür.
Dünyada bu mövzuda ciddi elmi araşdırmalar aparıldığı halda, bizdə müzakirələr çox vaxt TikTok trendləri, viral videolar və sosial şəbəkə fenomenləri səviyyəsindən yuxarı qalxmır.
Şair-esseist Qismət Rüstəmov amerikalı sosial psixoloq Conatan Haydtın son illərin ən çox müzakirə olunan kitablarından biri üzərindən bu problemin mahiyyətini izah edir və texnologiya ilə münasibətimizə fərqli prizmadan baxmağı təklif edir.
Beləliklə,Gununsesi.info “Tiktok və Çılğın dondurmaçı” yazısını təqdim edir:
“Texnoloji yeniliklərlə maraqlanmaq, onu həyatın hansısa hissəsinə uyğunlaşdırmaq başqa şeydir, təzə çıxan hər şeyə kor-koranə təslim olmaq başqa şey.
Bir kitab üstündə danışaq, bəlkə faydası oldu. Amerikalı sosial psixoloq, professor Conatan Haydtın 2024-cü ildə çap olunan “Qayğılı nəsil: uşaqlarımızı virtual dünyaya necə uduzuruq və mental sağlamlıqlarını necə təhlükəyə atırıq?” kitabı telefonlarımız ağıllandıqca uşaqlarımızın necə kütləşməsindən bəhs edir. Haydt yeniyetmələrdəki depressiv ovqatın, diqqət dağınıqlığının, ünsiyyət iştahsızlığının, intihar meylinin 2010-2015-ci illər arasında baş verənlərlə bağlı olduğunu deyir: bu illər arasında ağıllı telefonlar, həmin telefonların qabaq kameraları və layk məntiqinə söykənən sosial platformalar geniş vüsət aldı.
Professsor deyir ki, 2010-ci ildən qabaq uşaqlıq və yeniyetməlik fiziki dünyadan qopmamışdı, üzbəüz ünsiyyət vardı, uşaqlar real dünyada oyunlar oynayırdılar. Həmin tarixdən başlayaraq “oyun mərkəzli uşaqlıq”dan “ekran mərkəzli uşaqlığ”a keçdik. Oyun dünyasında uşaq öz yaşıdlarıyla oynayır, dalaşır, yıxılır, dizi-dirsəyi qanayır və bu yolla özünü də, özgəsini də tanıyırdı. Uşaqlıq hamımızın keçdiyi bir təcrübə idi, indi uşaqlıq təcrübəsi olmayan uşaqlar böyüdürük.
Alim yazır ki, yeniyetməlik beynimizi plastilin kimi istədiyimiz formaya saldığımız dövrdür; bu mərhələdə beynimizə nə əksək, sonrakı dövrdə onu biçəcəyik. Əgər övladlarımız yeniyetməlik dövründən bir mövzuya fokuslanmağa yox, yuxarıdan aşağı, sağdan sola sürüşdürülən platformalarda veyillənməyə, bildirişlərin yolunu rəqəmsal əsrin Novruzəlisi kimi gözləməyə vərdiş edirsə, az yaşından öz həqiqi simasını filtirləməyə başlayırsansa, sabah onların böyütdüyü uşaqlar kim bilir hansı anormallıqları normal hesab edəcək. Professor dörd təklif irəli sürür:
-14 yaşına qədər uşaqlara internetə çıxış olan ağıllı telefonlar verilməsin, ancaq zəng və mesaj funksiyası olan ənənəvi telefonlar və ya ağıllı qol saatları vermək olar. Bu yolla övladlarımız beyni ən həssas dövrdə alqoritmlərin yox, həqiqi ünsiyyətin təsirinə məruz qalsın.
-16 yaşından qabaq sosial mediaya girmək olmaz, bu yaşa qədər uşaqların tiktok, instaqram, snapchat kimi alqoritmlərlə tənzimlənən platormalarda özünə hesab açması qadağan olunmalıdır.
-Məktəblərdə telefon qadağası olmalıdır. Professor yazır ki, telefonların cibdə olması belə fikri yayındırır, diqqəti dağıdır. Məktəbə girərkən telefonların yığılmalıdır, heç tənəffüslərdə də icazə vermək olmaz; uşaqlar bir-biriylə söhbətləşməlidir, müzakirə və mübadilə aparmalı, bir-birinin gözünün içinə baxmalıdır.
-Vertolyot valideynlikdən əl çəkməli! Vertolyot valideynlik – uşağa hədsiz nəzarət etmək, ona heç bir azad ərazi buraxmamaqla bağlı istifadə edilən məşhur anlayışdır. Uşaqların məhlədə təkcənə gəzməsinə, küçədə oynamasına, öz yaşının problemlərini özü və ya yaşıdlarıyla birgə həll etməsinə imkan vermək lazımdır.
Göründüyü kimi, bu texnologiyaları yaradanların vətənində bu cür ciddi kitablar yazılır. Xeyli belə ciddi araşdırma var, maraqlısı odur ki, əksəriyyəti bizim kitab dükanlarında müxtəlif dillərdə satılır. Belə kitabları tərcümə etmək, müzakirəyə çıxarmaq lazımdır ki, müasirlik təsəvvürlərimiz qırğın Zaurla çılğın dondurmaçı arasında qalmasın”.
Orxan











