Ağalı kəndinə İLK KÖÇ nə zaman baş verəcək? – TƏFƏRRÜATLAR

  • By admin
  • 17 İyun 2022 11:04

Yaxın vaxtlarda Zəngilan Rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin ilk köçü başlayacaq. Köç prosesinin hansı formada həyata keçiriləcəyi, insanların işlə təmin olunub-olunmayacağı ilə bağlı aidiyyatı qurumların mövqeyini, sakinlərin köç prosesinə hansı münasibət göstərdiyini öyrənməyə çalışdıq. 

İlk olaraq Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynovun proseslə bağlı fikirlərini öyrəndik.

Gəray Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, ilkin mərhələdə 40 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. İcra nümayəndəsi bildirib ki, sonrakı mərhələdə evlər hazır olduqca keçmiş məcburi köçkünlərin yerləşdirilməsi davam edəcək: “Ağalı kəndinə ilk qayıdacaq sakinlər püşkatma ilə müəyyənləşdirilib. Püşkatmada mən iştirak eləməmişəm. Çünki rayonda idim. Sakinlər “Qaçqınkom”a gediblər. Növbə götürüblər. Püşkatma orada gerçəkləşib. İlk olaraq Ağalıya köçəcək 40 ailənin içərisində bizim də ailəmiz var. Biz də evlə təmin olunacağıq. Köçürülmə mütəmadi olaraq baş verəcək. Köçürülən sakinlər Ağalıda işlə təmin olunacaqlar. ASAN Xidmət, DOST Xidməti, poçt, Dost Park və sair yerlərdə sakinlər işlə təmin ediləcəklər”.

Zəngilan Rayon İcra Hakimiyyətindən də saytımıza açıqlamada bildirilib ki, ilkin mərhələdə 40, sonrakı mərhələdə 200 ailənin Ağalı kəndinə köçürülməsi nəzərdə tutulub:

“Artıq püşk atılıb, evlər də bölünüb. Yaxın günlərdə köç başlayacaq. Köçün konkret olaraq hansı ayın hansı günü gerçəkləşəcəyi haqqında bizdə məlumat yoxdur. Bu haqda ən dəqiq bilgilər Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsindədir. Çünki bu işlə onlar məşğul olurlar”.

Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirdilər ki, Ağalı kəndinə köçkün nə zaman baş verəcəyi ilə bağlı adıçəkilən qurumda dəqiq informasiya yoxdur: “Ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu barədə müsahibə verib. Həmin müsahibədən sonra hazırkı vəziyyətdə hər hansı yeni bir informasiya olmadığı üçün sizə yeni bir məlumat təqdim edə bilmirik. Köçürülən ailələrin işlə təmin olunacağı, işlə təmin olunmayan şəxslərin aylıq məvaciblə təmin olunması ilə bağlı komitədə hər hansı bir məlumat yoxdur. Köçürülmə prosesin nə qədər zaman alacağı, nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq məlumat verə bilmirik. Püşk atılıb və Ağalı kəndinə 41 ailənin köçürülməsi nəzərdə tutulub. İlkin mərhələdə 41 ailənin Ağalı kəndinə köçürülməsi planlaşdırılır. Bu barədə hər hansı yeni bir məlumat olarasa, ictimaiyyətə təqdim olunacaq”.

Görünən odur ki, Zəngilan Rayon İcra Hakimiyyətindən fərqli olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqladığı siyahıda 40 yox, 41 nəfər göstərilir.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, köçürülmə ilə bağlı statistikanın fərqli olması təbiidir. Çünki ilkin planlama zamanı 41 yox, 40 ailənin köçürülməsi nəzərdə tutulub. Son siyahıya isə daha 1 ailə əlavə edilib.

Ağalı kənd sakini Elvin Əlizadə isə Publika.az-a açıqlamasında bildirib ki, doğma kəndlərinə köçürüləcək ilk 41 ailənin siyahısında onların adı yoxdur: “İlk olaraq Ağalı kəndinə burada şəraiti, evi-eşiyi olmayan, yataqxanada qalanlar köçürüləcək. Bir də hazırda Ağalı kəndinin qurulmasında iştirak edən və hazırda işlə təmin olunan ailələr ilk olaraq köçürüləcək şəxslərin siyahısına salınıb. Çünki həmin ailələrin işləri var. Köçəndən sonra da gedib orada öz işləri ilə məşğul olacaqlar. Yenə deyirəm, köçürülmədə evi olmayanlara, burada şəraitsiz şəkildə yaşayanlara üstünlük verilib.

Elvin Əlizadə bildirib ki, yay aylarında köç baş tutmalıdır: “Proses tədricən baş verəcək. Yavaş-yavaş hamı köçürüləcək. Birinci məhələdəki şəxslərin köçü məndə olan məlumata görə iyun ayında gerçəkləşməlidir. Yay müddətində ailələr yavaş-yavaş Ağalıya köçəcəklər. Bir-iki aya sonrakı mərhələdəki şəxslərin köçü planlaşdırılacaq. Ağalıda iş yerləri də var. İşsiz kimi Ağalıya üz tutan gənclərə iş təklifləri də var. Orada Kapital Bankın filialı, DOST Mərkəzi, ASAN Xidmətdə əsasən gənclər işləyəcəklər. Birinci iş təklifləri Ağalı kəndindən olan gənclərə gəlib. Onlar həmin iş təkliflərini qəbul etmədikdə və ya mövcud kadr olmadıqda başqa yerlərdən işçilər cəlb edəcəklər”.

Gununsesi.info