Azərbaycanın Norveçdəki Telli Borçalısı - Saffari yazır…

Azərbaycanda “qrant feminizmi”nin çörəyini arasında katletlə yeyən, suyunu-şirəsini içən, hələ bir boşqabın da dibini sivirən qadınların sayı çox deyil. Ancaq heç şübhəsiz, məhz bu feminizmin kraliçası, madam-madmazeli, xanım və də xatunu, nəhayət, Telli Borçalının Norveç filialı sədri olan Günel Mövluddur.

Onu deyim, bir ara Azərbaycanda elə bir təsəvvür var idi ki, guya kimsə hansısa xarici ölkəyə getsə, orada yaşasa, vəssəlam, olacaq dünyaya çıxmış yazıçısı. Ancaq sağ olsun, elə Günel Mövlud özü əyani olaraq sübut etdi ki, xaricə getmək, orada yaşamaq və hətta çap olunmaqla da bir şey olmur. Bunun üçün, əvvəlcə yüksək istedad, parlaq intellekt lazımdır. Əlbəttə, Günel Mövlud bu hər iki anlayışıdır əlilidir.

Əgər xaricdə yaşamaqla, orada yazıb-yaratmaqla olsaydı, Günel Mövlud kimi bir qadın çoxdan nəsə edərdi. Hər nə olmasa da, məhz Norveçdə ortabab istedadda, ortababa yaxın bir intellektdə olan bir yazıçının parlaması üçün hər bir şərait var.

Ancaq Günel Mövlud fiziki olaraq xaricə getsə də, ruhən, mənən Azərbaycanda qaldı, Tükəzbanlıq, Məsmə arvadlıq heç bir zaman onu tərk etmədi.

Konkret desək, içində böyük bir Telli Borçalı mahiyyəti yatan Günel Mövlud ciddi bir əsər də yaza bilmədi.

Məsələn, son əsəri olan “Düşərgə” romanının düşbərə iyi Azərbaycanı bürüdü.

Üzdə Qarabağ, qaçqınlıq həyatı haqqında roman olsa da, mahiyyətdə saxta feminizm şüarları olan bu roman da onun uğursuz əsərləri sırasına daxil oldu.

Onun təkcə bu romanını bu cür xarakterizə etmək olar:

“Qaçqın idik. Ağrılıydıq. Allah kişiləri öldürsün”.

Günel Mövludu yay axşamları məhəllədə oturub qeybət edən arvadlardan fərqləndirən tək şey var, o da bir neçə termin bilməyidir.

Ümumiyyətlə, onun üzünə diqqətlə baxanda belə bir səs gəlir:

“Demə, ay bacı, demə, düz deyirsən”.

Adam elə bilir ki, onunla dialoqa girəndə təxminən belə söhbət olacaq:

-Günel, çay içək?

Günel cavab verir:

-Bu cəmiyyət qadının çay dəmləməsini normallaşdırdığı müddətdə mən çay içməyəcəm.

Əslində isə, Günel Mövlud mahiyyətində olan adamın yeri elə ən yaxşı halda Azərbaycandır.

O, məsələn, Azərbaycanda yaşamalı, hər gün gənc qızlarla cofeşoplarda görüşməli, latte içə-içə “özün seç, qızım” janrında məsləhətlər verməlidir. Axırda da sevgilisi gəlib hesabı bağlamalıdır.

Sözsüz, axşam evə gələndə də belə bir status paylaşmalıdır:

“Bu gün özümə zaman ayırdım”.

Təbii, şəkil olaraq da şam, qəhvə, kitab və qurudulmuş lavanda olması üstünlükdür.

Digər tərəfdən, Günel Mövlud üzdə siyasi məsələlərə görə ölkəni tərk etsə də, yəni tərk etmə səbəbi kimi bu cür məsələlər göstərilsə də, ondan heç vaxt ciddi bir siyasi mövqe də görmədik. Hətta Azərbaycanda yaşayan zaman az-çox siyasi mövqeyi görsənirdisə, mühacir olandan sonra bu da səngidi.

Beləcə, Günel Mövlud ömrünü kişi corablarını əl qumbarası, şalvarını uzaqmənzilli raket, mətbəxi isə düşmən postu kimi görə-görə sürməyə davam etdi.

Əlbəttə, bütün bunların fonunda Günel Mövlud hansısa bir ortabab əsər yazsaydı, bəlkə də, onu bağışlamaq olardı.

Ancaq həm mənasız söhbətlər etmək, həm də mənasız mətnlər yazmaq düz gəlmir, ehtiyac yoxdur, ikisindən biri kifayətdir.

Ümumiyyətlə, daha yorğun baxış, yarımçıq siqaret, bir az Kafka, qara pivə, çox yorulmuşam bu cəmiyyətdən obrazı maraqsızdır.

Orxan Saffari
Gununsesi.info