“”Baş Sarıtel” dönüş yolunun nəğməsidir” -RƏSUL MİRHƏŞİMLİ YAZIR

Nənələrimiz körpələrin beşiyi başında laylayı  “Baş Sarıtel” havası üstündə oxuyardılar, bu dünyadan köçən insanları da həmin hava ilə ağlayardılar.

Sanki bu hava insan ömrünün görünməz çevrəsini tamamlayan bir sirr daşıyırdı. Körpə ilk dəfə gözlərini dünyaya açanda laylanın qanadına sığınıb həyatın eşiyindən içəri girərdi, ömrünü başa vurub gedən insan isə eyni nəğmənin kölgəsində dünyanın qapısından çıxardı. Birində sevinc, fərəh vardı, o birində həsrət. Amma hər ikisinin fonunda eyni səs, eyni ahəng, eyni tale danışardı.

“Baş Sarıtel” adi bir musiqi deyil. O, zamanın sirlərini insan dili ilə anladan vüsal, övladın boyuna sevinmək nəğməsi, dünyanın faniliyinə inam, ayrılıgın kədərinə qəlbi parçalayan qəmli oxşamadır. İnsan ruhunun yaddaşında doğuluşdan əvvəl də var olan, ölümdən sonra da davam edən bir pıçıltı kimidir. Elə bil bu hava bizə xatırladır ki, gəlişlə gediş bir-birinə zidd deyil, eyni yolun iki fərqli dayanacağıdır. Beşiklə məzar arasında uzanan ömür isə həmin nəğmənin içindəki qısa bir nəfəslikdir.

Kənd axşamlarında uzaqdan gələn “Baş Sarıtel” səsi eşidiləndə adamın qəlbində qəribə bir hiss oyanır. Sanki unudulmuş bir xatirə qapını döyür. İnsan anlayır ki, ruh bu dünyaya yad deyil, amma bu dünyaya aid də deyil. O, haradansa gəlib, harayasa qayıdır. “Baş Sarıtel” də elə həmin dönüş yolunun nəğməsidir.

Bəlkə buna görə nənələrimiz körpəni yatıranda da, ölüsünü yola salanda da eyni havaya üz tuturdular. Onlar sözlə deyə bilmədiklərini musiqi ilə anlatmağı bacarırdılar. Bilirdilər ki, insanın ilk yuxusu ilə son yuxusu arasında görünməz bir körpü var. O körpünün üstündən keçən hər kəsin ayaq səsləri isə “Baş Sarıtel”in kövrək notlarında əks-səda verir.

Bu hava bizə pıçıldayır ki, həyat əslində bir qonağın yad mənzildə (bu dünyada) bir neçə günlük qalmasıdır. Körpənin beşiyi yanında layla kimi başlayan nəğmə insanın dünya həyatındakı son nəfəsində ağıya çevrilir. Amma nəğmə bitmir. Çünki gedənlər torpağın yaddaşına, qalanlar isə xatirələrin qoynuna qarışır. “Baş Sarıtel” isə hər iki aləmin arasında dayanıb, min illərdir eyni həqiqəti söyləyir: İnsan gəldiyi yerə qayıdır, ruh isə heç vaxt sahibindən ayrılmır. O, bir laylanın içində doğulur, bir ağıda qanad açıb sonsuzluğa uçur.

 

Rəsul Mirhəşimli

Araşdırması jurnalist

Gununsesi.info