Bu günə qədər nə çalışdığı 4 ölkədən, nə də Azərbaycandan bir şəxsin adını çəkib - ELDAR HƏSƏNOVUN VƏKİLİNİN MƏHKƏMƏ TƏƏSÜRATI

  • By admin
  • 15 Noyabr 2021 23:28

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun vəkili Valeh Mehralıyev sona çatmaq üzrə olan proses haqqında fikirlərini yazıb.

Gununsesi.info vəkilin qeydlərini təqdim edir:

Eldar müəllimin məhkəmədə ilk söylədiyi fikir təxminən belə elə idi: “Möhtərəm Məhkəmə Kollegiyası, mən bu binaya müxtəlif statuslarda yüzlərlə dəfə gəlib-getsəm də, ilk dəfədir ki, təqsirləndirilən şəxs qismində bu binaya daxil oluram və bu mənə çox ağırdır”.

Həqiqətən onun kimi bir insanın, hüquq elmləri doktoru, professorun, ziyalının, dövlət xadiminin vəkili olmaq da ağırdır!!
Eldar müəllim Bakı Ağır Cinayətlər Məhkəməsinə 3 aydan çox davam edən (çox vaxt səhər başlayıb axşam bitən) məhkəmə prosesinin hər birinə məhkəmə iclası başlamamışdan əvvəl həkim müayinəsi və müşayəti ilə, təcili yardım xidmətinin əməkdaşları ilə gəlir, iclas bitəndən sonra çətinliklə çıxıb gedir.

Səhhəti o qədər ağırdır ki, bəzən bir gündə 3-4 dəfə Eldar Həsənova tibbi yardım göstərilir. Düşünürəm ki, belə qeyri-humanist, bənzəri olmayan bir məhkəmə prosesinə müstəqil Azərbaycanın məhkəmə tarixində rast gəlinməmişdir. Buna baxmayaraq zalda oturanları, proses iştirakçılarını o cümlədən məni təəccübləndirən, heyrətləndirən odur ki, E.Həsənov ciddi ağrılar altında dəmir iradə ilə yanaşı, həm də fenomenal yaddaşa malikdir. Barəsində aparılan cinayət işinin hər bir cildini, hər bir epizodunu, az qala hər səhifəsini nə qədər peşəkar, hüquqşünas dəqiqliyi ilə oxuyub, diqqətlə öyrənib ki, verilmiş ittihamın hər bir epizodunu öz arqumentləri ilə, sübutlarla, şahid ifadələriylə, verdiyi hüquqi şərhlərlə heçə endirir.
Hamını heyrətləndirən başqa bir nüans isə onun nə qədər təmkinlə, ləyaqətlə və mədəni davranmağıdır. Bəzən hətta çoxlarının bilmədiyi atalar sözlərini, dahi klassiklərimizdən B.Vahabzadənin, M.Arazın, Musa Yaqubun, R.Rövşənin, Bəhmən Vətənoğlu yaradıcılığından müzakirə olunan məsələnin mahiyyətinə uyğun 2 sətri elə seçib söyləyir ki, hər hansı bir şərhə ehtiyac qalmır, hər kəsi o 2 sətirlə düşünməyə vadar edir.
Geridə qalan üç ayda davam edən məhkəmə prosesi dəfələrlə göstərdi və təsdiq etdi ki, E.Həsənovun vəkillərinin savadlı, peşəkar, ölkəmizdə tanınmış vəkillər olmasına baxmayaraq onun vəkilə ehtiyac yoxdur!! Qanunsuzluğa, haqsızlığa məruz qalmağı bir yana, amansızcasına mühakimə olunmasına baxmayaraq, peşəkar hüquqşünas kimi əhatəli və dərin savada malik olduğundan, O, təqsirsizliyini özü də subuta yetirə bilir.

Hətta istintaqın qeyri-peşəkarlığı nəticəsində cinayət işinə yüksək səlahiyyətli şəxslərin adlarını, imzaladığı sənədləri, Səfirliyə və AR XİN-ə verdiyi təlimatları daxil etməsinə baxmayaraq bir dəfə də olsun, təmkinini pozmayıb. Bu günə qədər nə çalışdığı 4 ölkədən, nə də Azərbaycandan bir şəxsin adını çəkməyib.
Eldar Həsənov imzalanmış qərarların, verilmiş göstərişlərin qanuni və əsaslı olmasını da sənəd və sübutlarla birmənalı sübut etdi. Bəlkə də başqası olsa deyərdi ki, hər kəs öz imzaladığı sənədə, verdiyi göstərişə özü cavabdehdir, gəlsin məhkəmədə cavab versin, gedin özlərindən soruşsun deyərdi. Amma əsl dövlət və dövlətçiliyi, onun imicini düşünən azərbaycanlı Eldar Həsənov ağlında və cəsarətində olmalıdır. Yeri gəlmişkən, düşünürəm ki, “Eldar Həsənov görək nə deyəcək??” düşüncəsində olan, diqqətlərini yönəldib səbrsizliklə gözləyənlər də var idi, amma yanıldılar.
Son illərdə heç məsuliyyətə cəlb edilməyən nazirlərin, vəzifəli şəxslərin qorxusundan özünü xilas etmək üçün səsləndirdikləri gülünc fikirlərin, bəyanatların çox şahidi olmuşuq, nələr eşitmişik. Amma Eldar Həsənov öz davranışı ilə bu səviyyənin adamı olmadığını da sübuta yetirdi.
Mənə görə Eldar Həsənov təqsirsizdir!, artıq bundan sonra məhkəmənin verəcəyi hər hansı hökm, cəza artıq bir təfərrüatdır.

 

Gununsesi.info