Görəsən, babam Pənahəli xan məni harada, necə görmək istəyərdi? -Pənahəli xanın varisi ilə müsahibə

  • By Admin2
  • 03 Aprel 2025 09:50

Tariximizin qürurverici məqamları çoxdur.

Onlardan biri də Xanlıqlar və xüsusi olaraq Pənahəli xanın dövrüdür.

Bir müddət əvvəl Pənahəli xanın İspaniyada yaşayan varisi ictimaiyyətə məlum olmuşdu.

Mehralı bəyin nəslindən olan varisdən sonra, İbrahimxəlil xanın nəslindən olan varis Tural İbrahimov da öz şəcərəsi haqqında danışır.

Beləliklə, Gununsesi.info  Pənahəli xanın böyük oğlu İbrahimxəlil xanın nəslindən olan Tural İbrahimovla müsahibəni təqdim edir:

-Tural bəy, tanımayanlar üçün özünüz haqqında qısa bir tanışlıq verək.

-Onda tərcümeyi-hal kimi deyim. Mən Tural İbrahimov 1989-cu il, mart ayının 20-də Bakıda anadan olmuşam. Orta və ali məktəbi də Bakıda bitirmişəm. Ailəliyəm. İki övladım var, sadə, işində-gücündə olan xalqdan biriyəm. (Gülür)

-Adama elə gəlir ki, xan nəslindən olan kimsə sadə olmaz…

-Yox, elə deyil. Bunun üçün əvvəlcə məni tanımaq lazımdır. Sırf bu nəsildənəm deyə özümü heç vaxt, heç bir yerdə kimdənsə üstün görməmişəm, görmərəm də.

-Xan nəslindən olan adamlar, belə demək olarsa, ortaya da son vaxtlar çıxıblar. Siz özünüz bu günə qədər harada idiniz? Sizdən əvvəl Mehralı bəyin nəslindən bir nəfər İspaniyada tapıldı. Niyə bu vaxta qədər danışmırdınız? Ya lazım bilmirdiniz, ya da başqa bir səbəb var?

-Yox, lazım bilmirdim demək düz çıxmaz. Ümumi olaraq belə deyim ki, mən birmənalı olaraq sosial şəbəkə istifadəçisi deyiləm. Heç vaxtda hansısa sosial şəbəkədə profilim olmayıb. Bu söhbətlər isə elə sosial vasitəsi ilə yayılır. Digər varislə bağlı videonu da dostlarım göstərmişdilər. Digər bir dostum məsləhət gördü ki, şəxsi arxivim üçün belə bir video çəkək. Gələcəkdə uşaqlarıma da xatirə olar, həm də məlumat xarakteri daşıyar. Ancaq həmin videonu dostum sosialda paylaşandan sonra aktuallaşdı və mən də danışmağa davam elədim.

-Aha, siz onda İbrahimxəlil xanın nəslindənsiniz, İbrahimov soyadınız oradan gəlir?

-Bəli. Pənahəli xanən böyük oğlu İbrahimxəlil xanın nəslindənəm.

-Mehrəli bəyin nəslindən olan qohumlarınızla hansısa əlaqəniz var?

-Yox, yoxdur. İspaniyada yaşayan ailəni də ancaq videoda görmüşəm. Qohumluq bağı olsa belə, şifahi tanıyırıq, o da paylaşandan sonra. Paylaşılmasa, məlumatım olmazdı, bilməzdik.

-Ümumiyyətlə, sizin bunu sübut etmək üçün hansı əsasınız var? Bəlkə bir nəfər çıxıb yalandan dedi mən də bu nəsildənəm?

-Konkret kağız olaraq hansısa sənəd yoxdur, bu cür məsələlər nəsildən nəslə ötürülmə olur daha çox. İndi kimsə çıxıb belə iddia etsə, bu, bilinər axı. Hər nəslin şəcərəsini bilən adamları var. Sənəd ona görə yoxdur ki, o vaxtlar xanlara, bəylərə qarşı aqressiya olduğu üçün faktlar qalmayıb, məhv edilib. Təbii ki, arxivdən tapmaq mümkündür. Mən hardan gəldiyimə də, hansı nəsildən olduğuma da əminəm.

-Sizin nəsil haqqında konkret haradasa məlumat var?

-Əlbəttə, məsələn, mərhum tarixçi Ənvər Çingizoğlunun “Cavanşirlər nəsli” ilə bağlı böyük araşdırma kitabı var. Orada bizim nəsildən, babalarım haqqında ətraflı məlumatlar var. Kim kimlərdəndirsə, yazılıb. Bundan əlavə, Nazir Əhmədlinin “Qarabağ xanlığının kameral təsviri” kitabında ulu babalarım haqqında, onlara məxsus pay torpaqları ilə bağlı ətraflı məlumatlar var. Vasif Quliyevin “Pənahəli xan və soy-kökü” ilə bağlı geniş araşdırmaları var. Bizim nəsil haqqında da geniş məlumatlar var o kitablarda. Bu cür kitabların olması da çox yaxşıdır. Tarix itməməlidir. Yaxşı olar ki, digər xanların nəslindən olan şəxslər bu mövzunu işıqlandırsınlar, özləri haqqında danışsınlar.

-İtməmək üçün siz nə edirsiniz? Bu, bir az da sizdən asılıdır, çünki nümayəndə kimi bu məsələni necə aparmağınız önəmlidir. Necə təbliğat aparırsınız?

– Əvvəl bunlar mənim üçün ailə daxili məsələ kimi gəlirdi. Düşünürdüm, mən keçmişimi, soy-kökümü necə bilirəmsə, mənə necə təbliğ olunubsa, mənim də missiyam bunu öz övladlarıma, nəvələrimə ötürməkdir.
Bu barədə ilk videoçıxışım da bir az bunun üçün idi. Şəxsi arxivim üçün çəkmişdim. Ancaq indi görürəm ki, bunun üçün daha böyük işlər görmək lazımdır. Bir neçə lahiyəm var bununla bağlı. İnşallah, yaxın gələcəkdə həyata keçirəcəm.

-Məsələn, nə layihə?

-İlkin olaraq Şuşa, daha dəqiq, öz nəslimiz, şəcərəmiz haqqında sənədli film hazırlayacam.

-Övladlarınız necə, Tural bəy, hansı nəsildən olduqlarını bilirlər?

-Biri balacadır hələ, amma oğlumun 10 yaşı var və bunu ona ötürürəm, tez-tez danışırıq. Özü yavaş-yavaş qavrayacaq mərhələdədir. Çalışıram, hər dəfə hekayə formasında danışam. İndidən məlumatlı olsun ki, sonra özü rahat tarix oxuya, araşdıra bilsin. Bizə də zamanında hekayə formasında danışılıb. Yəni mən də valideyinlərim kimi övladlarımı nağıllarla deyil, tarixlə böyütməyə çalışıram.

-Yəqin, uşaq vaxtı dostlarınız arasında buna görə xüsusi bir fəxr də edərdiniz, hə?

-Xüsusi deyəndə, dediyim kimi, özümü üstün tutmurdum ki, bu nəsildənəm filan. Amma təbii ki, qürurverici hisslərdir. Yaxın dostlarıma deyirdim. Xüsusi ilə tarixi söhbətlərdə, dərslərdə. Öz nəslim, şəcərəm mənə dərs kimi keçirilirdi. Qürur duyurdum. Hər adama qismət olmur ki, fəxrlə kitabda şəklini görsədib, “bu, mənim babamdır!” demək.

-Valideynləriniz sizə uşaqkən tərbiyə verəndə heç deyirdilər ki, özünü belə apar, elə apar, sən bu nəsildənsən?

– Atam da, anam da bizə həmişə kim olduğumuzu öyrədib. Hardan gəldiyimizi və hara getdiyimizi göstəriblər. Dolayısı ilə, o məsuliyyəti hiss etmişik. Uşaqlıqdan bu yana hansı genlərin daşıyıcısı olduğumuzun fərqində olmuşuq və ona uyğun davranmışıq. Özüm özümə demişəm ki, bəlkə, səndən kimsə baxıb nümunə götürəcək?

-Özünüz də övladlarınıza demirsiniz ki, sən bu nəsildənsən, belə davran?

-Mən belə düşünürəm ki, valideyn uşağa nəyisə məcbur etməməlidir. O, sadəcə doğru olanı izah etməlidir və dediyi sözlərin faktlarını qoymalıdır. Yəni, bu cür yaşasan, etsən, belə olacaq, o cür yaşasan da elə. Övladlarıma da bu cür yanaşıram. Rahat, azad, sadə böyüdürəm. Əsas odur, sən tərbiyəni düzgün ver, istiqamətləndir. Qalan şeylər zamanın görəcəyi işlərdir.

-Şuşada olmusunuz da, hə?

-Əlbəttə.

-Yəqin ki, gedəndə ürəyinizdə demisiniz, bax e, bura babamındır, əsasını babam qoyub…

-Şuşada olanda bizim yaşadığımız hisslər fərqli olub, bəli. Bu da təbiidir. Şuşa mənim üçün yurd yeridir. Vətən anlayışı ilə yurd anlayışı, məncə, bir az fərqlidir. Şübhəsiz, Azərbaycan vətənimdir. Şuşa isə ata-baba yurdum. Bu baxımdan hisslər bir az tam fərqli olur. İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını etmişdi. Hamımız bilirik və fəxr də eləmişik. O anları görəndə, ümumən Şuşa azad olunandakı hissləri ifadə etmək mümkünsüzdür.

-Tural bəy, Pənahəli Xanın vaxtında Şuşada 15 min, Bakıda isə 8 min əhali yaşadığı faktı da var. Ümumiyyətlə, məsələn, istəyərdinizmi Azərbaycanın paytaxtı Şuşa olsun?

-Bu mövzulara dövlət özü qərar verməlidir, verir də. Dövlətin özünə uyğun ölçü-biçimi var və bununla razılaşmaq lazımdır.

-Tarix institutunun direktor müavini demişdi ki, İlham Əliyevin ulu babaları Pənahəli xanla birgə Şuşanın əsasının qoyulmasında iştirak edib. Doğrudursa, belə çıxır, Prezident İlham Əliyevin qohumusunuz?

-Sözügedən araşdırma ilə tanış deyiləm, amma belə deyim ki, yəqin, bu cür məsələni dərindən və dəqiq araşdırıblar. Hər halda adi söz olmaz. Əgər belə bir qohumluq əlaqəsi varsa, nə xoş bizə, mənə.

-Zaman-zaman elə Pənahəli xanın nəslindən olduğunu deyənlər var. Böyük nəsildir deyə, ya yalan deyənlər də olur?

-İnanmıram ki, bu cür yalan ayaq tutub yeriyə bilsin. Hamı öz şəcərəsini tanıyır, bilir. Üstəlik, bunu deyən adama imtiyaz vermirlər axı. Kimsə bunu inanmıram yalandan desin. Hörmət qazanacağını düşünərək deyən adamı da öz vicdanına buraxmaq lazımdır.

-Pənahəli xanın ölümü haqqında da faktlar çox və sirrlidir. Məsələn, əsir götürülən zaman özünü ölülüyə vurması, ancaq yolda meyit pis günə düşməsin deyə qarnının yarılaraq dərmanlanması. Sizdə başqa hansısa dəqiq fakt varmı?

-Bəli, bəzi araşdırmalara görə belədir. Məndə belə düşünürəm ki, o, xəyanətə uğrayıb. Bir yox, iki dəfə. Tarixdən məlumdur. Bunu da bizə uşaq vaxtı belə deyiblər. İndi aradan çox vaxt keçdiyinə və dəlillər çox dəqiq olmadığına görə müəyyən faktlar ortaya çıxa bilər, normaldır.

-Pənahəli xan Qarabağ xanlığını elan edəndən az sonra onu özünə tabe etmək istəyən Şəki xanı Hacı Çələbi ətraf xanlıqların təhriki ilə o vaxt Qarabağ xanlığının mərkəzi olan Bayat qalasına hücum edir, ancaq məğlub olaraq böyük zərərə uğrayır. Qayıdanbaş H. Çələbi deyir ki: “Pənahəli xan bu vaxta qədər sikkəsiz gümüş idi, biz gəldik sikkə vurub qayıtdıq”. Sizcə, bu söz ikibaşlı söz deyil ki? Bu cür yozanlar da var…

-Gəlin, ikibaşlı məsələsinə baxaq. Əgər bu söz pis mənada deyilibsə, yenə də normaldır. Çünki iki xanlıq, ümumən iki adam bir-biri ilə danışırsa, onlardan məğlub tərəfində, ya elə iki tərəfində bir-biri haqqında müəyyən aşağılayıcı sözlər deməyi normaldır. Bütün hallarda Pənahəli xanın tarixdəki yeri bəllidir. Ona hansısa pis söz necə yapışa bilər ki? Bütün xanlıqlar əzizdir, tariximizdir. İndi bu cür məsələlərin davasını aparmaq olmaz ki. Tarix özü hər şeyə layiqli qiymət verir.

-Tural bəy, Molla Pənah Vaqifə münasibətiniz necədir? Onun da haqqında fikirlər müxtəlif cürdür. Xəyanətkar olduğu, Rusiyaya işləməsi barəsində söz-söhbətlər gəzir. Razılaşırsınız?

-Çar Rusiyasının o dövrdə xanlıqlara qarşı münasibəti bəlli idi. 1763-cü ildə Qarabağ xanlığının birinci xanı Pənahəli xan öldükdən sonra, hakimiyyət 31 yaşlı İbrahimxəlil xan Cavanşirin əlinə keçmişdi. Qarabağ xanlığının 1805-ci il 14 may tarixində Kürəkçay müqaviləsi ilə ruslardan asıllığı qəbul etməsindən bir il sonra, 12 iyun 1806-cı il tarixdə İbrahimxəlil xan Cavanşir, Şuşa yaxınlığındakı Xanbağında yay istirahəti keçirən zaman, gecə yatdığı yerdə, 17 nəfər ailə üzvləri ilə birlikdə, Şuşadakı rus qarnizonunun başçısı mayor Lisaneviçin silahlı dəstəsi tərəfindən xaincəsinə qətlə yetirilib. Belə hallarda olub, ancaq Molla Pənah Vaqif haqqında belə düşünmürəm. Tarixdə bu barədə yazılıb, amma etmədiyi halları da var. Mən də bu tərəfdəyəm. Nə gərək var idi ki? Onsuz da, vəzir idi.

-Dövrümüzün reallıqları var. Yəni, müasir dövrün şərtləri ayrıdır, o dövrün də ayrı olub. Məsələn, o dövrün sosial-ictimai həyatı daha yaxşıdır, ya indi? İstəyərdinizmi babanızın olduğu dövrlərdə yaşayasınız? Maraqlı olardımı? Pənahəli xanın nəticəsi necə düşünür?

-Müasir dönəmdə yaşayırıq və hər bir halda bunu qəbul etməliyik. Amma müasirlik milli dəyərlərdən, ənənələrdən kənar qalmaq, imtina etmək demək deyil. Xalqları indi də bir-birindən ayıran məsələ bu cür məsələlərdir. Hesab edirəm ki, hər bir azərbaycanlı öz adət-ənənəsini qorumaqla müasir həyat yaşamalıdır. Bu gün belə fikir var ki, biz mütləq Avropalaşmalıyıq. Ola bilər, Avropadan müəyyən yaxşı şeyləri götürə bilərik. Amma bizim tariximiz bərbaddır ki, onu tapdalayaq, keçək başqa millətin təsiri altında yaşayaq? Cənab Prezidentin də çıxışı var idi ki, bizə Avropa mədəniyyətini deyirlər. Cavabı da hamı gördü. Mədəniyyətimizə nə olub ki? Bizim bəlli genetik kodlarımız var. Heç onlardan qırağa çıxmaq istəsək də alınan deyil.

-Adət-ənənə demişkən, sizin nəsil arasında xüsusi bir ritual varmı ki, o, ancaq sizə aid olsun?

-Var, amma indi bunun bölgüsünü aparmaq istəmərəm, düzgün çıxmaz. Hər ailənin, nəslində özünə uyğun xüsusiyyətləri var.

-Tural bəy, təsəvvür edin ki, zaman maşını var və siz o dövrə qayıda bilirsiniz. Ulu babanızdan nə istəyərdiniz?

-Siz yerimdə olsanız nə istəyərdiniz?(gülür)

-Məsələn, vəzir.

-Mən həm də ikibaşlı tarixi yığışdırmaq istəyərdim. Yəni, mübahisəli məsələləri tam dəqiqliklə öyrənmək istəyərdim və qayıdanda bu məlumatları dəqiqliklə yayardım

-Bəs imtiyaz olaraq?

-Belə deyim, mən reallığa bağlı bir insanam. İnsan nə layiqdirsə, onu alır. Əsas olan isə odur ki, babam məni necə və harada görmək istəyərdi?

 

 

 

 

Orxan Saffari
Gununsesi.info