Türkmənistan Prezidentinin Azərbaycana səfəri baş tutdu. Səfər çərçivəsində həm dövlət başçıları arasında təkbətək görüş, həm də geniş tərkibli görüş keçirildi və mühüm sənədlər imzalandı. Eyni zamanda mətbuata birgə bəyanatlar verildi.
Ümumilikdə, Azərbaycan-Türkmənistan münasibətləri dəfələrlə toxunduğumuz və daha da inkişaf etməsini arzuladığımız əlaqələr sırasındadır. Türkmənistan təkcə bizim üçün ən yaxın türk dövlətlərindən biri deyil, həm də coğrafi baxımdan Azərbaycana çox yaxındır. İki ölkəni yalnız Xəzər dənizi ayırır. Tarixi əlaqələrimiz, köklərimiz və mədəni dəyərlərimiz də ortaqdır.
Lakin müxtəlif dövrlərdə və müxtəlif təsirlərin nəticəsində Azərbaycanla Türkmənistan arasında müəyyən uzaqlaşma müşahidə olunub. Hazırda isə elə bir mərhələ yaşanır ki, Türkmənistan türk dünyası ilə daha sıx yaxınlaşma və inteqrasiya prosesinə daxil olur. Türkmənistan bitərəf dövlət olsa da, Azərbaycan Prezidenti də çıxışında xüsusi vurğuladı ki, Azərbaycan bu ölkənin bitərəflik siyasətinə hər zaman hörmətlə yanaşıb və bu gün də həmin prinsipə sadiqdir.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan prezidentlərinin şərəfinə birgə konsert proqramı da təşkil olundu. Səsləndirilən mahnılar və təqdim olunan ifalar bir daha göstərdi ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər kifayət qədər güclüdür. Burada əsas məsələ bitərəflik deyil, ortaq köklər və ortaq mənsubiyyətdir. Məhz bu birliyi Azərbaycan və Türkmənistan prezidentləri Bakıda bir daha təsdiqlədilər.
Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Türkmənistan münasibətlərində yeni bir mərhələ başlandı. Bu mərhələni yalnız yaxınlaşma və ya münasibətlərin istiləşməsi kimi qiymətləndirmək düzgün olmazdı. Söhbət artıq birgə fəaliyyət, ortaq layihələr və qarşılıqlı əməkdaşlığın yeni səviyyəsindən gedir. Bunun ilkin nəticələri də artıq görünməkdədir. Türkmənistan Qarabağın bərpası və yenidən qurulması prosesində iştirak edib.
Azərbaycan isə iki ölkəni həm ayıran, həm də birləşdirən Xəzər dənizi üzərində dostluğun, iqtisadi əməkdaşlığın və enerji tərəfdaşlığının rəmzi hesab edilə biləcək mühüm addım atıb.
“Türküstan” Media Qrupunun rəhbəri, jurnalist Aqil Camal Gununsesi.info–ya açıqlamasında Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfərini iki ölkə arasında münasibətlərin yeni mərhələsinin göstəricisi kimi dəyərləndirib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan və Türkmənistan eyni dövrdə müstəqillik qazansalar da, münasibətlərin inkişaf tempi fərqli olub:

“Türkmənistanın 1995-ci ildə qəbul etdiyi neytral dövlət statusu əsasən hərbi bloklarda iştirak etməməyi nəzərdə tutsa da, uzun illər ərzində ölkənin iqtisadi və siyasi fəaliyyətində də öz təsirini göstərib. Lakin son dövrlərdə bu yanaşmada dəyişiklik müşahidə olunur.
Xüsusilə 2008-ci ildən etibarən iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərə yeni dinamika qazandırıb. Bu gün həm ikitərəfli formatda, həm də Türk dövlətləri çərçivəsində əməkdaşlıq daha fəal şəkildə inkişaf edir.
Türkmənistan prezidentinin Azərbaycana səfəri zamanı verilən bəyanatlar Orta Dəhlizin əhəmiyyətinə verilən önəmi bir daha ortaya qoyur.
Dünyada və bölgədə baş verən hadisələr fonunda bu marşrutun etibarlılığı və strateji rolu daha da artır. Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımaların artması da bunun göstəricisidir”.
Onun sözlərinə görə, əvvəllər bu cür səfərlərdə simvolik olaraq at hədiyyə edilməsi ənənəsi diqqət çəkirdisə, indi iqtisadi əməkdaşlıq və nəqliyyat imkanları daha çox ön plana çıxır.
“Bu, həm praktik yanaşmanın, həm də müasir dövrün tələblərinə uyğun əməkdaşlıq modelinin göstəricisidir. Siyasi iradə baxımından da hər iki ölkə rəhbərliyi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mövcuddur.
Keçmişdə yaşanan fikir ayrılıqları artıq geridə qalıb, birgə fəaliyyət həyata keçirilir. Son dövrün dinamikasına nəzər saldıqda bunu aydın görmək mümkündür. Türkmənistanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi, eləcə də Füzulidə Türkmənistan tərəfindən məscid tikilməsi münasibətlərin mədəni sahədə də inkişaf etdiyini göstərir.
Digər bir məqamı da qeyd etmək istərdim. Ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin toplantısında Türkmənistan Arkadağın iştirakı ilə təmsil olunmuşdu. Lakin bu yaxınlarda Türküstan şəhərində keçirilən toplantıda iştirak etməmələri müəyyən suallar doğurdu. Buna baxmayaraq, Türkmənistanın Azərbaycanda keçirilən tədbirlərdə iştirak etməsi onu deməyə əsas verir ki, ölkə rəhbərliyi Azərbaycanla münasibətlərə xüsusi önəm verir”, – deyə o fikirlərini yekinlaşdırıb.
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycan ilə Türkmənistanı Xəzər dənizi ayırsa da, o, eyni zamanda iki ölkə arasında birləşdirici körpü rolunu oynayır:

“Bu birləşmə, ilk növbədə, beynəlxalq yükdaşıma marşrutları vasitəsilə həyata keçirilir.
Həmin marşrutları Azərbaycanın öz ərazisində formalaşdırdığı Şərq – Qərb nəqliyyat dəhlizinin davamı kimi qiymətləndirmək olar. Çin bir müddət əvvəl “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sür-üşdü və Azərbaycan bu təşəbbüsə qoşularaq Orta Dəhlizin inkişafına töhfə vermişdir. Orta Dəhlizin bir tərəfində Azərbaycan yerləşdiyi kimi, Xəzər dənizinin qarşı sahilində Türkmənistan və Qazaxıstan yerləşir.
Qazaxıstanın Aktau limanı və Türkmənistanın Türkmənbaşı limanı bu marşrutun əsas hissələrindəndir. Çindən gələn yüklər Qazaxıstan ərazisinə, oradan Özbəkistana, daha sonra Türkmənistana daşınır. Türkmənbaşı limanından isə yüklər birbaşa Bakı Beynəlxalq Ticarət Limanına çatdırılır. Beləliklə, bu, mühüm beynəlxalq yükdaşıma marşrutudur“.
Deputat vurğulayıb ki, bu marşrut həm ölkələrimiz arasında yüklərin daşınmasına, ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verir, həm də bölgədə əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır:
“Qeyd etmək lazımdır ki, iki ölkə arasında yükdaşımaların həcmində ciddi artım müşahidə olunur. 2024-cü ildə yükdaşımalar 2,9 dəfə artıb, 2025-ci ildə isə əlavə olaraq 15 faiz yüksəlib.
Bu göstəricilər onu deməyə əsas verir ki, limanlar vasitəsilə həyata keçirilən daşımalar daha perspektivlidir və geniş coğrafiyanı əhatə edir. Əməkdaşlıq yalnız beynəlxalq dəhlizlər üzrə yükdaşımalarla məhdudlaşmır. Türkmənistan, Qazaxıstan və Azərbaycanın birgə həyata keçirdiyi layihələr də mövcuddur.
Bunlardan biri Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan yaşıl enerji dəhlizidir. Bu layihə ilə bağlı tərəflər arasında razılıqlar əldə olunub. Bundan əlavə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, yəni rəqəmsal dəhlizin yaradılması istiqamətində də müəyyən işlər görülür. Bu dəhlizin istifadəyə verilməsi də nəzərdə tutulur.
Beləliklə, həm rəqəmsal bağlantıların, həm quru yükdaşımalarının inkişafı, digər tərəfdən isə yaşıl enerji dəhlizinin yaradılması Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən Avropaya çıxışı üçün yeni marşrutların açılması deməkdir“.

Şəbnəm Rəhimova












