Bu gün dünya şöhrətli alim, böyük pediatr, Azərbaycan elminin nadir simalarından biri Adilə xanım Namazovanın doğum günüdür.
Adilə xanım haqqında yazıb Ağdamdan, ağdamlılardan söz açmamaq, məncə, mümkün deyil. Açığı, bir məqalədə 6533 Ağdam şəhidinin hamısının adını çəkməsəm, ürəyim sızlayacaq. Başda Allahverdi Bağırov olmaqla 15 Milli Qəhrəmanın adını necə çəkməyim? Öz elmi ilə dünyanı heyrətə gətirən Xudu Məmmədovun, tarın pərdələrində gəzişən sehrli barmaqları ilə ürəkləri fəth edən Ramiz Quliyevin, cəmi 19 yaşında öz həyatı bahasına 28 nəfəri ölümdən xilas edən “Qızıl Ulduz”lu Rahib Məmmədovun, böyük elm xadimi Rafiq Əliyevin adını necə unudum?
VAR sistemi anlayışının xəyal belə olmadığı bir zamanda anidən verdiyi ədalətli qərarla futbol hakimliyi tarixinə qızıl hərflərlə adı yazılan Tofiq Bəhramovun, qəlbləri riqqətə gətirən Səxavət, Qədir, Arif, Mənsum zəngulələrinin üstündən heç sükutla keçmək olarmı?
Bunlar yalnız yaddaşıma ilk süzülən adlardır. Yüzlərlə, minlərlə qəhrəman ağdamlı olub ki, düşmənə sipər olan kökslərini Ağdamın sipər sinəsində Vətən yolunda fəda edib, Vətən səması aydın olan çağlarda isə elmin, incəsənətin, ədəbiyyatın və mədəniyyətin müxtəlif sahələrində böyük uğurlara imza atıblar.
Klaviaturaya süzülən adların çoxluğu məni bir tərəfdən qürurlandırır, digər tərəfdən isə narahat edir. Birdən kimisə unudaram… Birdən yaddaşımın hansısa küncündə yaşayan bir ad yazımın hüdudlarından kənarda qalar…
Və bütün bu adların arasından ürək ağrısı ilə Ağdamın Qarəkənd səmasında baş verən terror aktı keçir gözlərimin önündən.
Mənfur erməni cinayətinin bariz nümunəsi olan həmin faciənin ağrılarını ilk olaraq ağdamlılar yaşadı. 1991-ci il 20 noyabrda Qarəkənd səmasında törədilən terror nəticəsində Azərbaycanın dövlət və ictimai xadimləri, hərbçiləri həyatlarını itirdilər. Ağdam isə bu faciənin ağrısını öz yaddaşına əbədi həkk etdi.
1983-cü ilin bir yaz səhəri idi.
Bilmirəm, nəyə görə, səhhətimdə heç bir problem olmadığı halda atam məni müayinə üçün xəstəxanaya aparmışdı. Ağ xalatlı, qarayanız, olduqca mehriban və gülərüz həkim ürəyimə qulaq asdıqdan sonra gülümsəyərək dedi:
— Top gurultusundan başqa heç nə eşidilmir.
Həmin an çevrilib atama baxdım. O da özünəməxsus tərzdə gülümsəyirdi.
Atam xalatını əynindən çıxarıb məni xəstəxananın həyətində gözləyən sürücüyə “təhvil verdi”.
Mənə, təxminən, hər şey aydın olsa da, uşaq marağı ilə atamın işdən qayıtmasını səbirsizliklə gözləyirdim.
Axşam hər şey mənə bəlli oldu: məni müayinə edən məşhur pediatr Adilə xanım Namazova imiş. Atam ona futbol dəlisi olduğumu danışıbmış. O da özünəməxsus yumoru ilə guya ürəyimi dinləyərkən içimdəki futbol “toplarının gurultusunu” eşitmişdi.
İllər keçdi.
Amma o bircə cümlə yaddaşımdan heç vaxt silinmədi.
Ağdam torpağında, Seyidli kəndində 1926-cı ildə dünyaya göz açan Adilə xanım Namazova XX–XXI əsr Azərbaycan elminin dünyaya bəxş etdiyi ən nadir simalardan biridir.
O, ölkəmizin ilk qadın pediatr-alimi, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1971), “Əməkdar elm xadimi” (1981), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1983), Rusiya Federasiyası Elmlər Akademiyasının həqiqi üzvü (1993) olmuş, 420 elmi əsərin və 30 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 72 fəlsəfə doktoru və 12 elmlər doktoru yetişmişdir.
SSRİ Ali Sovetinin deputatı, Türkdilli Xalqların Pediatrlar Cəmiyyətinin vitse-prezidenti, Afrika və Asiya Xalqları Həmrəyliyi Təşkilatının vitse-prezidenti, Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya kafedrasının müdiri olmuşdur.
Sözsüz ki, dünya şöhrətli həkim olmaqla yanaşı, o, həm də böyük pedaqoq idi.
Ancaq mənim üçün bütün bu titulların fövqündə bir Adilə xanım var.
Əllərindən şəfa, zəkasından nur yayılan Şəfa Mələyi…
Minlərlə uşağın həyatına toxunan, minlərlə ailəyə ümid verən və nurlu siması ilə insanların yaddaşında əbədi yaşayan Böyük İnsan.
2020-ci il noyabrın 20-si.
Ağdam işğaldan azad olunmuşdu.
Hamı kimi mən də çox sevinirdim. İlk olaraq telefon açıb təbrik etdiyim professor Ramiz Quliyev və digər ağdamlı dostlarıma gözaydınlığı verərkən ürəyimdən bir arzu keçdi:
Kaş 94 yaşlı Adilə xanımı da ziyarət edə biləydim…
Təəssüf ki, arzum ürəyimdə qaldı.
Ağdamın işğaldan azad olunmasından cəmi 26 gün sonra minlərlə körpənin ürəyinə həyat və şəfa bəxş etmiş Adilə xanımın ürəyi əbədi olaraq susdu.
Amma bəlkə də yalnız döyünməsi dayandı.
Çünki bəzi ürəklər susmur.
Onlar özlərindən sonra qoyduqları işdə, yetişdirdikləri insanlarda, şəfa verdikləri canlarda, adını yaşadan xatirələrdə döyünməkdə davam edirlər.
Çox sonralar vicdan borcu bildiyim məzarını ziyarət edəndə, vaxtilə yaşadığım rayona ezamiyyətə gəldiyi zaman mənə etdiyi o zarafatı xatırlayıb qeyri-ixtiyari pıçıldadım:
— Adilə xanım! Mənim üçün, bütövlükdə bütün soydaşlarımız üçün sizin ürəyiniz heç vaxt susmayacaq. Siz öz zəka nurunuzla şəfa verdiyiniz ürəklərin hər döyüntüsündə yaşayacaqsınız.
Ömrünüzün son günlərində azadlığına qovuşan Ağdamın sevincini görmək sizə qismət oldu. Buna görə çox sevinirəm.
Sizin kimi minlərlə ağdamlının ruhunun şad olduğuna biz də şadlanırıq.
Ruhunuz daim şad olsun, Adilə xanım!
Ağdamın azad səmasından, Vətən torpağının azad günlərindən ruhunuz daim sevinsin.

Pərviz Yəhyalı






