Hər bir xalqı tanıdan əsas xüsusiyyətlərdən biri onun milli-mənəvi dəyərləri, adət-ənənələri və mədəniyyətidir. Nəsillər boyu qorunub saxlanılan bu dəyərlər xalqın keçmişi ilə bu günü arasında bağ yaradır.
Onları qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Çünki milli dəyərlər yalnız keçmişdən bizə gəlib çatan irs deyil, eyni zamanda gələcək nəsillərə ötürməli olduğumuz bir borcdur.
Azərbaycan xalqı tarix boyu adət-ənənələrinə və milli dəyərlərinə sadiq olub və bütün dövrlərdə onu yaşatmağı bacarıb. Tarix boyu formalaşan bir çox adət və ənənələr bu gün də həyatımızda yaşayır. Bu dəyərlər milli kimliyimizin əsasını təşkil edir,eyni zamanda xalqın özünəməxsusluğunu qoruyur.
Ailə bağlarından tutmuş dövlətçilik düşüncəsinə qədər bir çox anlayış xalqımızın mənəvi yaddaşında özünə yer tapıb.
Milli dəyərlərdən danışarkən yalnız adət-ənənələri nəzərdə tutmaq düzgün olmaz. Xalqın tarixində iz qoymuş şəxsiyyətlər və onların irsi mənəvi yaddaşın mühüm hissəsidir. Onların fəaliyyəti, dövlətçilik yolunda gördükləri işlər sonrakı nəsillərin dünyagörüşünə də təsir göstərir. Buna görə də tarixi şəxsiyyətlərdan danışarkən çox ehtiyyatla davranılmalıdır.
Təssüflər olsun ki, bu gün tam fərqli mənzərəni müşahidə edirik.
Müxtəlif dövlərdə nədənsə Azərbaycan ədəbiyyatında, Azərbaycan tarixində mühüm yerə malik şəxsiyyətlərin fəaliyyəti təftiş olunur sanki onları aşağılamağa çalışırlar. Bu günlər də mediada daha çox müzakirə olunan Şah İsmayıl Xətai ilə bağlı məsələlər o cümlədən islam dininin təşəkkül tapmasında xidmətləri olmuş şəxslərlə bağlı səslənən fikirlər də bu qəbildəndir. Ən təəccüblüsüdə budur ki, bu müzakirələrin başında dayanan şəxslərin heç biri tarixçi və ya islamşünas deyil və bu istiqamətdə heç bir tarixi sənədlərə əsaslanmırlar.
İstər-istəməz bu cür müzakirələr cəmiyyətin intelektual təbəqəsi tərəfindən ikrah hissi ilə qarşılanır.
Və meydana belə bir sual gəlir. Bu müzakirələri açmaqla bu insanlar nə demək istəyirlər?
Bu gün biz qalib xalqıq. Azərbaycan özünü qalib ölkə kimi sübut da edib. “Böyük Qayıdış” proqramı uğurla icra olunur. İnsanların ləyaqətli şəkildə öz doğma yurduna qayıdışı təmin olunur. Vaxtı ilə Qarabağda mövcud olmuş ənənələrə (Xarı Bülbül Festivalı, Vaqif Poyeziya günləri və.s) yenidə həyat verilir. Dini və memarlıq abidələrimiz əvvəlki üslubda bərpa olunur. Dövlətçilik əsaslarımız möhkəmləndirilir.
Yaralarımızın hələ tam sağalmadığı bir vaxtda davamlı şəkildə az çox Azərbaycan tarixində iz qoymuş şəxsiyyətləri mübahisə mövzusuna çevirmək onların həyatı və faəliyyəti haqda qara rəng axtarmaq düşmənlərimizi sevindirməkdən başqa heç nəyə xidmət etmir.
Tarix hər bir dövrdə müzakirə mövzusudu. Bu aydın məsələdi. Amma bu zaman məqsəd bir olur. Səhvlərdən dərs çıxarmaq və gələcəyi şəkilləndirmək. Amma tam əminliklə qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan məsələlər ətrafında yaradılan müzakirələr dövlət quruculuğuna və cəmiyyətin sağlam təməllərə söykənməsinə xidmət etmir. Əksinə müəyyən təbəqələr arasına nifaq toxumu səpir.
Babək, Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyətlər xalqın qəhrəmanları kimi qəbul olunub. Xalqımızın alt şüurunda bu insanların qəhramanlıq obrazlarının formalaşması yüz illərə söykənir.
Bu məsələlərdə hər kəsin üzərinə də böyük məsuliyyət düşür. Elə medianın da. Media yalnız gündəmdə olan mövzunu cəmiyyətə çatdıran vasitə deyil. Media həm də cəmiyyətin düşüncəsinə təsir göstərən, insanların müəyyən məsələlərə münasibətinin formalaşmasında rol oynayan bir sözlə maarifçilik ideyalarına xidmət edən sahədir.
Media cəmiyyətdə fikir müxtəlifliyinə imkan yaratmalıdır. Və fikir ortaya çıxır. Fikir müxtəlifliyi ilə qarşıdurmanı da bir-birindən ayırmaq lazımdır. Bir məsələ haqqında müxtəlif fikirlərin səsləndirilməsi normaldır. Əsas məsələ həmin fikirlərin necə təqdim olunmasıdır. Tarixi şəxsiyyətlərə münasibətdə təhqiramiz, alçaldıcı və qarşıdurma yaradan yanaşmaların yayılması milli dəyərlərin qorunmasına xidmət etmir.
Bu gün belə şəxsiyyətləri təftiş etməyi heç də doğru-düzgün hesab etmirəm. Çünki… Sabah elə bir dövran gələ bilər ki, bu gün vətən yolunda canından keçənləri, şəhid olanları gələcək nəsil qəhrəman kimi qələmə almaz, sadəcə müharibədə iştirak edən biri kimi təqdim edər. Əgər bu gün xalqın tarixində iz qoymuş şəxsiyyətlərə münasibətdə yalnız mənfi məqamları önə çıxarıb onların xalq yaddaşındakı yerini sarsıtmağa çalışırıqsa, gələcəkdə eyni yanaşmanın başqa şəxsiyyətlərə qarşı tətbiq edilməyəcəyinə kim zəmanət verə bilər?
Bu baxımdan məsələ yalnız Şah İsmayıl Xətai və ya digərləri ilə bağlı deyil. Məsələ cəmiyyətin tarixi yaddaşına münasibətidir. Məsələ xalqın öz qəhrəmanlarını necə tanıması və gələcək nəsillərə necə təqdim etməsidir. Məsələ həm də dövlətçilik düşüncəsinin və milli kimliyin hansı əsaslar üzərində yaşadılmasıdır.
Maraqlısı da budur ki, ölkəmizə qarşı bu qədər təhdidin olduğu, regionda müharibə alovunun ərşə qalxdığı bir dövürdə bu məsələlər gündəmə gətirilir?
Niyə beş-altı ildən bir eyni mövzular başqa formada ortaya çıxır? Müzakirələr gedir və yenidən ortam sakitləşir. Və bu hal tez-tez təkrarlanır.
Axı cəmiyyətin qarşısında həllini gözləyən kifayət qədər mühüm məsələ olduğu halda, niyə diqqətimizi keçmişlə bağlı qarşıdurma yaradan mübahisələrə yönəldirik?
Bəli.. Yenə də qeyd edirəm.. Burada medianın seçimi xüsusi əhəmiyyət daşıyır. Jurnalist hər hansı mövzunu gündəmə gətirərkən onun cəmiyyətə nə verəcəyini düşünməlidir. Mövzu sadəcə diqqət çəkmək üçün seçilirsə, bu, cəmiyyət üçün faydalı nəticə yaratmaya bilər. Əksinə, belə yanaşma insanları bir-birinə qarşı qoyur, tarixi məsələlərə münasibətdə qarışıqlıq yaradır və milli dəyərlərlə bağlı ümumi düşüncəyə kobudcasına zərər vurur.
Düşünürük… cəmiyyət olaraq kimin sözünü nəzərə alaq? Siyasətçinin, yoxsa tarixçinin? Oxucu olaraq sən bunun cavabını artıq təxmin etdinmi?
Bəli hər kəs öz işi ilə məşğul olmalıdır. Tarixi məsələlərə tarixçi, siyasi məsələlərə siyasətçi, hüquqi məsələlərə hüquqşünas daha düzgün yanaşa bilər. Əlbəttə, hər bir vətəndaşın fikir söyləmək haqqı var. Ancaq fikir söyləmək başqa ona tribuna verib o cəmiyyətə təqdim etmək başqa .
Mənə elə gəlir ki, problemin kökü də budur ki, bu gün heç kəs öz işi ilə məşğul deyil. Bəzən bir sahənin nümayəndəsi başqa bir sahənin məsələsi haqqında qəti hökm verir. Sonra həmin fikir müxtəlif vasitələrlə yayılır və cəmiyyətin gündəminə çevrilir. Nəticədə isə əsas məsələ unudulur, müzakirə şəxslər arasında qarşıdurmaya çevrilir. Ədavət böyüyür…
Bu mövzuda cəmiyyəti yanlış istiqamətə yönəldən insanların məqsədi, məncə, gündəmdə qalmaqdır. İnsanların diqqət mərkəzini zəbt etməkdir. Çünki belə insanlar yenilik ətrafında düşünmür, yeni ideyalar ortaya qoymurlar, yalnız köhnə məsələləri yenidən gündəmə gətirirlər. Halbuki cəmiyyətin inkişafı üçün əsas məsələ daim keçmişdə mübahisə axtarmaq deyil, keçmişdən nəticə çıxarıb gələcəyə baxmaqdır.
Dövlətçilik ənənələri necə formalaşıb?
Bu ənənələri formalaşdıran şəxsiyyətlərdir və onların yolu yeni nəslin davam etdirməsi ilə yaşadılır. Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən, milli birlikdən, azərbaycançılıq məfkurəsindən danışırıqsa, keçmişimizi də bu düşüncə ilə qiymətləndirməliyik.
Azərbaycançılıq məfkurəsi yalnız bir söz deyil. Bu məfkurə xalqın öz milli kimliyini dərk etməsi, dövlətinə bağlı olması, tarixini bilməsi və gələcəyinə inanması ilə bağlıdır. Milli dəyərlərin qorunması da məhz bu düşüncədən irəli gəlir. İnsan öz tarixini bilmədən, xalqının keçmişini tanımadan milli kimliyini tam şəkildə dərk edə bilməz.
Bu baxımdan medianın işi daha böyük əhəmiyyət daşıyır. Çünki bu gün bir gəncin tarixi şəxsiyyət haqqında ilk məlumatı kitabdan deyil, xəbərdən, sosial şəbəkədə yayılan yazıdan və ya başqa bir media materialından alması mümkündür. Deməli, jurnalistin yazdığı hər cümlənin cəmiyyətə təsiri var.
Media tarixi şəxsiyyətləri bütləşdirmək məcburiyyətində deyil. Amma onları aşağılayan, təhqir edən və cəmiyyətdə qarşıdurma yaradan yanaşmalara da meydan verməməlidir. Tarixi şəxsiyyət haqqında yazı hazırlanırsa, ilk növbədə mövzunun elmi əsasları araşdırılmalıdır. Səslənən fikrlərin mənbəyi olmalıdır. Hansısa yazarın bədii təxəyyülünə əsaslanıb fikir söyləmək düzgün deyil.
Burada jurnalistin məsuliyyəti yalnız məlumat toplamaqla bitmir. Jurnalist həm də hansı məlumatı necə təqdim etdiyini düşünməlidir. Bir başlıqla böyük müzakirə yarana bilər. Bir cümlə kontekstdən çıxarılaraq tamamilə başqa məna daşıya bilər. Buna görə də milli dəyərlərlə, dövlətçiliklə və tarixlə bağlı yazılarda söz seçiminə xüsusi diqqət yetirmək lazımdır.
Milli dəyərlərin təbliği deyəndə yalnız bayram günlərində adət-ənənələrdən yazmaq kifayət etmir. Milli dəyərlər gündəlik informasiya axınında da qorunmalıdır. Həm də tez-tez..
Dövlətçilik düşüncəsi, vətənə bağlılıq, milli birlik, tarixə hörmət, şəhidlərin xatirəsinə ehtiram, ana dilinə qayğı və mədəni irsin qorunması media gündəliyində davamlı yer almalıdır.
Əgər media yalnız qalmaqal yaradan mövzulara üstünlük verirsə, cəmiyyətin diqqəti də tədricən həmin istiqamətə yönəlir. Halbuki medianın əsas vəzifələrindən biri insanları düşündürmək, məlumatlandırmaq və doğru nəticəyə gəlmələri üçün şərait yaratmaqdır.
Bu gün Azərbaycan xalqı böyük bir tarixi mərhələdən keçir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması milli yaddaşımızda mühüm yer tutur. Belə bir dövrdə milli birliyi gücləndirən, dövlətçilik düşüncəsini möhkəmləndirən, gənc nəslin tariximizə marağını artıran mövzulara daha çox yer verilməlidir.
Biz gələcək nəsillərə yalnız müharibələrdən və mübahisələrdən ibarət tarix ötürməməliyik. Onlara dövlət quruculuğu, milli birlik, elm, mədəniyyət, ədəbiyyat və xalqın öz varlığını qorumaq uğrunda keçdiyi yol haqqında da dolğun məlumat verməliyik. Çünki tarix yalnız keçmişdə baş verən hadisələrin ardıcıllığı deyil. Tarix həm də xalqın özünü tanıması üçün vasitədir.
Tarixi şəxsiyyətlər haqqında fikir ayrılıqları həmişə ola bilər. Hər bir şəxsiyyətin fəaliyyəti araşdırıla, müxtəlif baxışlar ortaya qoyula bilər. Amma bu araşdırmaların məqsədi xalqı öz tarixinə düşmən etmək yox, tarixi daha düzgün anlamağa kömək etmək olmalıdır.
Azərbaycançılıq ənənələrindən danışırıqsa, ilk növbədə bir-birimizə hörmət etməyi, fərqli fikirlərə dözümlə yanaşmağı və milli məsələlərdə məsuliyyətli davranmağı bacarmalıyıq. Bir şəxs haqqında fikir söyləyərkən onun tarixdəki yerini nəzərə almaq, cəmiyyətin mənəvi yaddaşına hörmət etmək lazımdır.
Yenə də sual verməyə məcburam…Bəs niyə bu ənənələri insanlara sevimsiz göstərməyə çalışırlar? Niyə xalqın yaddaşında müəyyən yer tutan şəxsiyyətlər ətrafında davamlı qarşıdurma yaratmağa ehtiyac duyulur? Nə üçün milli dəyərlərimizi gücləndirəcək yeni düşüncələr əvəzinə köhnə mübahisələr yenidən gündəmə gətirilir?
Məncə, belə mövzulara yanaşmada əsas ölçü cəmiyyətə fayda vermək olmalıdır. Əgər hansısa müzakirə insanları tarixini öyrənməyə, mənbələri araşdırmağa və daha düzgün nəticəyə gəlməyə sövq edirsə, bu müzakirənin faydası var. Yox, əgər məqsəd yalnız qarşıdurma yaratmaq, insanları bölmək və gündəmdə qalmaqdırsa, bunun cəmiyyətə nə verdiyi sual doğurur.
Milli dəyərlərin qorunması yalnız dövlət qurumlarının və ya ayrı-ayrı ziyalıların vəzifəsi deyil. Bu məsuliyyət cəmiyyətin hər bir üzvünə aiddir. Medianın isə burada xüsusi rolu var. Çünki media cəmiyyətin gündəlik düşüncəsinə ən tez çatan sahələrdən biridir.
Bu səbəbdən jurnalistlər milli dəyərlər, dövlətçilik və tarixlə bağlı mövzulara daha böyük məsuliyyətlə yanaşmalıdırlar. Hər bir yazı hazırlanarkən bir sual əsas götürülməlidir ki, bu yazı cəmiyyətə nə verəcək? İnsanları məlumatlandıracaq, yoxsa qarşı-qarşıya qoyacaq? Ziddiyət baş verəcək. Tariximizi daha yaxşı tanımağa kömək edəcək, yoxsa yeni mübahisə yaradacaq?
Məncə, bu suallara cavab tapmaq çox vacibdir.
Azərbaycanın gələcəyi üçün milli birlik və dövlətçilik düşüncəsi mühüm əhəmiyyət daşıyır. Bu düşüncənin qorunması üçün keçmişimizi bilməli, tarixi şəxsiyyətlərimizi tanımalı, onların fəaliyyətini elmi əsaslarla öyrənməli və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Tarixi şəxsiyyətlərə münasibətdə mübahisə yaratmaq əvəzinə, onların tariximizdəki yerini araşdırmaq daha faydalı olar.
Bu gün bizim əsas vəzifəmiz bir-birimizi keçmişə görə ittiham etmək deyil. Əsas vəzifəmiz keçmişdən nəticə çıxarmaq, milli dəyərlərimizi qorumaq və gələcəyə daha sağlam düşüncə ilə baxmaqdır.
Ona görə də belə mövzulara və belə fitnələrə birdəfəlik son qoyulması yaxşı olardı. Hətta qadağa olunsa daha gözəl olar. Cəmiyyətimizin enerjisini bir-birimizin tarixini və şəxsiyyətlərini gözdən salmağa deyil, milli dəyərlərimizi qorumağa, dövlətçilik düşüncəmizi gücləndirməyə və gələcək nəsillərə daha möhkəm mənəvi irs ötürməyə sərf etməliyik.
Çünki xalqın gücü yalnız qazandığı qələbələrlə ölçülmür. Xalqın gücü həm də öz tarixini, dəyərlərini və yaddaşını qorumaq bacarığı ilə ölçülür. Milli dəyərlərimizi yaşatmaq istəyiriksə, əvvəlcə öz tariximizə və tarixi yaddaşımıza hörmət etməyi bacarmalıyıq. Və nəhayət.. Mənim, sənin elə hər birimizin əsas vəzifələrindən biri də məhz bu yaddaşın düzgün qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir.
Unutmayaq ki, dövlətin tarixi və şəxsiyyətləri ilə bağlı səslənən hər bir səhv fikir hesablanmamış söz bir silahdır və bu silah nə vaxtsa bizə tuşlana bilər.

Şəbnəm Rəhimova










