Naxçıvanda yeni müəssisə və MMC-lərin yaradılmasında Vasif Talıbovun hakimiyyəti başa çatdıqdan sonra nəzərəçarpacaq artım müşahidə olunur.
Belə ki, Talıbovun Naxçıvana rəhbərlik etdiyi illərdə bölgədə yeni müəssisə və şirkətlərin yaradılması faktiki olaraq qeyri-rəsmi məhdudiyyətlərlə üzləşirdi.
Sahibkarlıq subyektlərinin qeydiyyatdan keçirməsi və yeni biznes qurması ilə bağlı belə bir mühit formalaşmışdı ki, həmin dövrdə Naxçıvanda yeni müəssisə yaratmaq, demək olar, mümkün deyildi.
2022-ci ilin sonunda idarəetmədə baş verən dəyişikliklərdən sonra isə vəziyyət dəyişməyə başlayıb.
Sonrakı illərdə yeni müəssisə və MMC-lərin qeydiyyatında davamlı artım qeydə alınıb və bu göstərici Naxçıvanda biznes mühitinin əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişdiyini göstərən əsas indikatorlardan birinə çevrilib.
Gununsesi.info-nun xəbərinə görə, 2022-ci ilin sonunda baş vermiş idarəetmə dəyişikliklərindən sonra yeni müəssisələrin qeydiyyatında mühüm və davamlı artım müşahidə olunub.
Təhlillərə görə, 2023–2025-ci illərdə yeni müəssisə qeydiyyatı əvvəlki dövrlə müqayisədə orta hesabla bir neçə dəfə yüksəlib.
Bu dinamika yalnız birdəfəlik sıçrayışla məhdudlaşmayıb və sonrakı illərdə də yüksək səviyyədə qorunub.
Bu cür nəticə Naxçıvanda iqtisadi fəallığın rəsmiləşdirilməsi və biznes subyektlərinin hüquqi-iqtisadi sistemə daha fəal inteqrasiyası baxımından maraqlı tendensiya yaradır.
Qeydiyyata alınan müəssisələrin artması vergi bazasının genişlənməsi, maliyyə resurslarına və kreditlərə çıxışın yaxşılaşması, dövlət satınalmalarında iştirak imkanlarının artması və iqtisadi fəaliyyətin statistik görünürlüğünün yüksəlməsi ilə nəticələnə bilər.
Təhlildə iqtisadi fəallığın alternativ göstəricisi kimi peyk məlumatlarından əldə edilən gecə işıqlarından da istifadə olunub.
Gecə işıqları iqtisadiyyat üzrə beynəlxalq tədqiqatlarda, xüsusilə rəsmi statistikanın məhdud və ya gecikmiş olduğu ərazilərdə, ÜDM və regional iqtisadi fəallıq üçün geniş istifadə olunan proksi göstəricilərdən biridir.
Henderson, Storeygard və Weil tərəfindən American Economic Review jurnalında dərc edilmiş tədqiqat bu məlumatların gəlir artımını, o cümlədən regionlar üzrə iqtisadi dəyişiklikləri qiymətləndirməkdə faydalı ola biləcəyini göstərir.
Bununla belə, elmi ədəbiyyat gecə işıqlarının kiçik müəssisələr və xidmət sektoru üzrə həssaslığının məhdud ola biləcəyini də vurğulayır.
Mövcud göstəricilər Naxçıvanda gecə işıqlarının son illərdə artdığını, lakin bu artımın ölkənin digər ərazilərindəki ümumi dinamika ilə ciddi şəkildə fərqlənmədiyini göstərir. Bu halı idarəetmə dəyişikliklərindən sonra iqtisadi nəticənin olmadığı kimi qiymətləndirmək düzgün olmaz.
İqtisadi siyasət və institusional islahatların real nəticələri adətən dərhal deyil, müəyyən zaman intervalından sonra üzə çıxır. Yeni qeydiyyata alınan müəssisələrin fəaliyyət həcmi, məşğulluğa töhfəsi, investisiya imkanları və məhsuldarlığı artdıqca, onların təsiri gələcək dövrlərdə digər iqtisadi göstəricilərdə də görünə bilər.
Hazırkı mərhələdə ən diqqətçəkən məqam yeni müəssisələrin qeydiyyatında yaranmış artım trendidir.
Bu dinamikanın iqtisadi artıma çevrilməsi isə həmin müəssisələrin fəaliyyətinin davamlılığı, ölçüsü, yaratdığı məşğulluq və real dövriyyə kimi göstəricilərdən asılı olacaq.
Növbəti illərdə bu amillərin izlənilməsi Naxçıvanda aparılan siyasətlərin uzunmüddətli iqtisadi nəticələrini daha dəqiq qiymətləndirməyə imkan verəcək.
Artımın müşahidəsi üçün bu qrafikə də baxmaq kifayət edir.
Soldakı qrafikdə qırmızı xətt Naxçıvanda yeni yaradılmış firmaların 2019-cu ilə nisbəti, göy rəng isə ölkənin digər regionlarıdır.
2022-2023 arasında Naxçıvanda əməlli sıçrama var.
Sağda isə sırf Naxçıvandır.

Elmar












