Yanlış qənaətlər həyatımıza necə təsir edir?

Həyatda bizə əzab verən şeylərdən biri də yaratdığımız real olmayan hipotezlər və bunlara inanmağımızdı. Son dövrlərdə terapiya etdiyim iki pasiyent haqqında danışacam.

Şərafət 38 yaşında, evdar bir qadın idi.( Şəxsi məlumatlar şərtidir). Şərafətin reallığa uyğun olmayan belə bir hipotezi var idi. “Əgər kimsə mənə yaxşı davranmırsa, deməli mən dəyərsizəm”. Xüsusilə, həyat yoldaşı Eldarla bu problemi yaşayırdı. Eldar ona bir az diqqət göstərməyən kimi Şərafət özünü dəyərsiz, çirkin və özgüvənsiz görməyə başlayırdı. Belə olduqda da, əsəb krizləri yaşayır və ərinə qarşı tələblərini deyirdi.

– Mənə zaman ayır.

– Mənə diqqət göstər.

– Mənə sevgi ver.

Şərafətdən soruşdum ki, bu metod işə yarayırmı? O da dedi ki, yox, əksinə Eldar get-gedə yorulur və məndən uzaqlaşmağa başlayır. Real olmayan hipotezlərin bir xüsusiyyəti də məhz budur. Faydasız və zərər verici olurlar. Şərafət sevgi görmək üçün Eldarın üstünə getdikcə, Eldar özünü təzyiq altında hiss edir və Şərafətdən uzaqlaşırdı. Xüsusilə, kişilər bu cür təzyiqlərə qarşı dözümsüz olurlar və əsasən, qaçmağı seçirlər. Çünki, belə bir situasiyada adətən kişi nə edəcəyini ya da nə etməli olduğunu bilmir. Bu, təkamülün gedişatı ilə bağlı bir məsələdir, amma indi bu mövzuya girməyəcəm. Şərafətin hipotezinin məntiqi olaraq yanlış tərəfi bu idi ki, insanın dəyərini başqalarının rəftarı müəyyən etməz və sevgi tələb edərək sevgi almaq mümkünsüzdür. Seansların sonuna yaxın Şərafət yeni bir hipotez yaratdı. ” Əgər Eldara sevgi göstərsəm, ondan sevgi ala bilərəm. Belə olmasa belə, bu, dəyərsiz olduğum mənasına gəlmir, hələdə özümə hörmət edə bilərəm”. Aydın məsələdir ki, yeni hipotez Şərafətin davranışlarını dəyişdirdi və bu gün Şərafət xoşbəxtliyini tez-tez mənimlə də bölüşür.

Yaratdığınız yanlış hipotezlər bəzən sizə məntiqli və insani görünə bilər. Bu yaxınlarda Selcan adlı başqa bir pasiyent öz hipotezinin dedi. “Əgər mən birinə yaxşılıq edirəmsə, o da bunun qarşılığını verməlidir”. İlk baxışdan məntiqli və haqlı arqument kimi görünür. Amma, məsələ burasındadır ki, reallığa uyğun deyil. Çünki, insanlar fərqlidirlər. Hər zaman tam qarşılıqlı münasibət yaranmır. Bu, bir az münasibətin zaman içində yaranan ideal bir mərhələsidir. Hər zaman belə olmur. Bu nöqtəyə gəlmək üçün zaman, səy göstərmək və səbr lazımdır. Nağıl dünyasında yaşamırıq və insanları onların xəbəri olmadığı müqaviləyə əməl etməyə məcbur edə bilmərik.

Ona görə də, hipotezlərinizi yaradarkən reallığa uyğun olmasına diqqət etməyiniz lazımdır.

 

Fuad Əsədov

Klinik-tibbi psixoloq

Gununsesi.info