“Putinin çıxışının ən mühüm hissələrindən biri Asiya-Sakit okean regionu ilə Arktikanı eyni təhlükəsizlik çərçivəsində təqdim etməsidir. Şimal Dəniz Yolu Rusiya üçün sadəcə nəqliyyat marşrutu deyil. Bu marşrut Arktikada Rusiyanın iqtisadi, hərbi və geosiyasi mövqeyinin əsas dayaqlarından biridir. Moskva burada beynəlxalq dəniz hüququ çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirsə də, marşrut üzərində nəzarətin zəifləməsinə yol vermək istəmir”.
Gununsesi.info bildirir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Beləliklə, Rusiyanın təhlükəsizlik xəritəsində üç istiqamət – Avropa, Arktika və Sakit okean hövzəsi – getdikcə birləşir. Bu, Rusiyanın strateji planlaşdırması baxımından mühüm dəyişiklikdir. Ukrayna müharibəsi Rusiyanı Avropada Qərblə qarşıdurmaya sürüklədiyi halda, Moskva indi eyni qarşıdurmanın Arktika və Sakit okean istiqamətlərində də yeni formalar ala biləcəyini düşünür.
Putinin Sakit Okean Donanmasının təlimləri zamanı danışması da bu baxımdan simvolik deyil. Rusiya lideri eyni çıxışda donanmanın imkanlarının artırılması və regiondakı hərbi potensialının inkişaf etdirilməsi üçün yeni tapşırıqlar veriləcəyini bildirib. Yəni Moskvanın cavabı diplomatik etirazla məhdudlaşmır: Rusiya Sakit okean istiqamətində hərbi çəkisini artırmaq niyyətini nümayiş etdirir.
Putinin çıxışının ən sərt hissəsi Rusiya ticarət gəmilərinə mümkün müdaxilə ilə bağlı idi. O bildirib ki, bəzi Qərb ölkələri Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmağa və hətta onların ələ keçirilməsinə hazırlaşırlar. Putin belə hərəkətləri “dəniz quldurluğu və soyğunçuluq” adlandırıb və Rusiya gəmilərinin ələ keçirilməsinə cavabın “eyni şəkildə” veriləcəyini, bunun mütləq hadisənin baş verdiyi sularda olmayacağını deyib.
Bunu sadəcə siyasi ritorika kimi deyil, daha ciddi siqnal kimi qəbul etmək lazımdır. Belə ki, Rusiya sanksiyalarla bağlı “asimmetrik cavab” imkanından ilk dəfə deyil ki, danışır. Lakin bu dəfə cavabın coğrafiyasının əvvəlcədən məhdudlaşdırılmaması xüsusi vurğulanır.
Başqa sözlə, Rusiya istənilən yerdə öz ticarət donanmasına qarşı fiziki müdaxiləni Ukrayna müharibəsinin iqtisadi sanksiyalarından fərqli, daha yüksək eskalasiya səviyyəsi kimi qəbul edəcək. Bu isə öz növbəsində Baltikdən Arktikaya, Qara dənizdən Sakit okeana qədər dəniz kommunikasiyalarının təhlükəsizlik məsələsinə çevrilməsi deməkdir.
Bütövlükdə, Putinin bu çıxışının arxasında daha böyük geosiyasi narahatlıq görünür. Rusiya son illərdə Qərblə qarşıdurmanın yalnız Avropa məkanı ilə məhdudlaşmayacağını anlayır. ABŞ və müttəfiqləri üçün Rusiya təhlükəsi artıq Avropa ilə Asiya arasında bölünmüş iki ayrı problem deyil. NATO özü də bunu açıq şəkildə ifadə edir: Hind-Sakit okeanda baş verənlər Avro-Atlantik təhlükəsizliyə təsir göstərir.
Rusiya isə bu yanaşmanın əks tərəfini görür: əgər Avropa təhlükəsizliyi Asiya təhlükəsizliyi ilə əlaqələndirilirsə, deməli, Rusiya eyni vaxtda bir neçə strateji istiqamətdə təzyiqlə üzləşə bilər. Yaponiya şərqdə, NATO Avropada, Arktika isə hər iki məkanı birləşdirən strateji dəhliz kimi çıxış edir.
Rusiya Qərblə qarşıdurmanın artıq Avropa sərhədlərindən kənara çıxdığını və Sakit okean–Arktika xəttində yeni təhlükəsizlik reallığının yarandığını elan edir. NATO isə öz növbəsində Hind-Sakit okean tərəfdaşları ilə hərbi və müdafiə-sənaye əməkdaşlığını dərinləşdirir. Yaponiya NATO ilə müdafiə sənayesi, kibertəhlükəsizlik, dəniz təhlükəsizliyi və Ukraynaya yardım sahələrində əməkdaşlığı genişləndirir.
Bu prosesin ən təhlükəli tərəfi isə onun qarşılıqlı məntiqidir: Rusiya NATO-nun Asiyaya yaxınlaşmasını öz təhlükəsizliyinə təhdid sayır; Asiya ölkələri isə Rusiyanın hərbi siyasətini özlərinə təhlükə hesab etdiyi üçün NATO-ya yaxınlaşır. Beləliklə, bir tərəfin “müdafiə tədbiri” kimi gördüyü addım digər tərəfin gözündə “təhdid”ə çevrilir.
Nəhayət, Putinin son bəyanatının ən ciddi nəticəsi budur: Ukrayna müharibəsi nə vaxtsa dayansa belə, Rusiya ilə Qərb arasındakı strateji qarşıdurmanın coğrafiyası artıq əvvəlki vəziyyətə qayıtmayacaq. Avropa cəbhəsinin yanında Sakit okean və Arktika istiqamətləri də uzunmüddətli rəqabət məkanına çevrilir. Rusiya Sakit Okean Donanmasını gücləndirməyə, NATO isə Yaponiya və digər Asiya tərəfdaşları ilə inteqrasiyanı dərinləşdirməyə çalışdıqca, dünyanın bu hissəsində yeni silahlanma və qarşılıqlı çəkindirmə dövrünün başlanması ehtimalı artır”.
Şəbnəm












