Polis insanları peyvənd vurmadıqlarına görə cərimə edə bilməz - BU PROSESDƏ MƏCBURİYYƏTİ QANUN QADAGAN EDİR

  • By admin
  • 24 Avqust 2021 09:21

Son günlər sosial şəbəkələrdə bir sıra rayonlarda insanları məcburi şəkildə peyvənd vurmağa aparılması barədə xəbərlər yayılır.

Hüquqşünas Rahim Axundov isə deyir ki, bu hərəkət qanunaziddir:

“Ümumiyyətlə, Nazirlər Kabinetinin 26 iyul tarixli qərarında peyvənd vurulmaqla bağlı “tələb” sözü istifadə olunsa da, profilaktik peyvəndlərin məcburi aparılması haqqında heç bir fikir yoxdur. “Tələb edilir” ifadəsi leksikologiyada “israrla xahiş olunur”, və ya “çox istənilir” mənasını verir. Belə olan halda Nazirlər Kabinetinin son qərarlarına görə peyvənd vurmayan insanlara hansısa məhdudiyyətlər qoymaq qanuna ziddir. Yəni sabah polis insanları peyvənd vurmadıqlarına görə cərimə edə bilməz. Çünki cənab Əli Əsədovun son məlum qərarlarında “məcburi” ifadəsi yoxdur. Demək, “məcburi” ifadəsinin olmaması o deməkdir ki, profilaktik peyvəndlənmə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna görə vətəndaşların razılığı əsasında aparılmalıdır. Nazirlər Kabinetinin 2 iyun 2001-ci il tarixli 110 saylı qərarında isə Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısı verilmişdir. Lakin korona-virus pandemiyası dövründə qəbul edilmiş qərarlarda məcburi peyvənd aparılması barədə heç bir qeyd və ya bənd yoxdur. Belə bir qeydin və ya bəndin olmaması o deməkdir ki, əhali arasında kütləvi yoluxma baş verməyib. Əks halda qərarlarda qanuna müvafiq olaraq peyvəndlənmə məcburi olacaqdı. İndi sadəcə profilaktika baxımından peyvəndlənmə aparılır. Bu da vətəndaşların razılığı əsasında olmalıdır və heç kim məcbur edilə bilməz”.

Rahim Axundov, həmçinin qanunda da ziddiyət olduğunu bildirir:

“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında QANUNda ziddiyyət var:
5-ci maddədə yazılır ki, yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır.
Həmin qanunun 6-cı maddəsində isə yazılır ki, “Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır.”

 

Gununsesi.info