“Türk dünyasının birliyi kənar müdaxilələrin qarşısını alacaq”

“44 günlük Vətən müharibəsindən sonra türk birliyi düşüncəsi daha da gücləndi. Azərbaycan Prezidenti türk dünyasının inkişafı və birliyinin möhkəmləndirilməsi üçün ardıcıl işlər görür”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı, həmçinin “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimində çıxışı zamanı deyib:

“Uzun illər yalnız düşüncə kimi qalan bir çox təşəbbüslərin bu gün gerçəyə çevrildiyinin şahidi oluruq.

Türk dünyası nə qədər sıx birləşərsə, kənar müdaxilələrin qarşısını almaq da bir o qədər mümkün olar. Bu yolda Bakı Dövlət Universiteti, Milli Kitabxana və Azərbaycan Milli Elmlər Akademiyası mühüm işlər görüb. Qardaş türk dövlətlərinin elm və təhsil ocaqları da bu istiqamətdə xüsusi addımlar atırlar.

Azərbaycan tarixçilərinin türk dünyasının ortaq keçmişinin araşdırılması sahəsində uğurlu tədqiqatları vardır. Bu gün türkşünaslıq sahəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün Azərbaycan mühüm işlər görməkdə davam edir”.

 

 

Şəbnəm

Gununsesi.info