Zülfüqarın ürəyi -Ləman Ələşrəfqızı yazır

Sanki təkrar bir qardaş itkisi yaşadım Zülfüqarın ölüm xəbərini eşidəndə. Bəlkə də ona görə ki, rəhmətlik qardaşım da Kəlbəcər aşiqi idi, birinci Qarabağ müharibəsində Kəlbəcərin müdafiəsində iştirak etmişdi.

Kəlbəcər yarası kəlbəcərlilərin ürəyinə, mənim qardaşımın üzünə çıxmışdı. Yadımdadır, Kəlbəcərin işğalından sonra uzun müddət səs-sorağı çıxmayan qardaşım günlərin bir günü ağzının kənarları sarı yara bağlamış vəziyyətdə gəlib çıxdı. Onun Kəlbəcərlə bağlı o qədər xatirələri vardı və biz qərara almışdıq ki, gələcəkdə o xatirələrini danışacaq, mən qələmə alacağam. Kəlbəcər qayıtdı, qardaşımı itirdik…
İndi də Zülfüqar. 1993-cü ildə Kəlbəcərin işğalı dönəmində vəfat edən nənəsinin qəbir yerini müəyyənləşdirmək üçün getdiyi Başlıbeldə dünyasını dəyişdi.

Ölümündən bir neçə saat əvvəl çəkib vatsap statusuna qoyduğu şəklə baxıram. Zülfüqar sanki hamı ilə sağollaşır:
Bəzən həsrətininzi çəkərəm sizin
Yuxularınıza girərəm
” Xeyirdir, inşallah” deyib oyanarsınız
yarısı unudulmuş yuxudan.
Xatirələrinizdə nəfəs dərmək istərəm
lakin..sabahın təlaşıyla məni atıb gedərsiniz
Bir fatihəni belə boşu-boşuna gözlərəm….

Sonuncu dəfə mən onu məhz Başlıbel faciəsi dönəmində aramışdım. Messenjer yazışmamız qalır. İstəyirdim efirə gəlsin və Başlıbeldən danışaq. Dedi üzrlü say, Türkiyədən qonaqlarım var, gələ bilməyəcəm. Amma Elxan Salahovun telefonunu yazdı ki, onu çağır, o Başlıbel dəhşətini gözəl bilir.

Zülfüqarın böyük dəstəyindən dolayı umu-küsüsünü də yəqin ki, heç vaxt unutmayacağam. Növbədəbkənar parlament seçkilərinə qatıldığım vaxtdır. Namizədliyimin qeydə alınmasını xəbərə çevirən saytları mən də facebook hesabımdan paylaşmalı oldum. Gördüm ki, Zülfüqar yazdı mənə: Əziz həmkar, mənim” bizdə gedən yazını niyə paylaşmadınız?” -deyə bir dərdim və qısqanclığım yox. Üstəlik, ölkədə reytinq baxımından ilk yerlərdə olduğumuz bir vaxtda. Amma bütün saytları ucdantutma paylaşmanıza biganə qalmadım.
Əlbəttə, diqqətimdən yayınmışdı. Mənə pulsuz-parasız informasiya dəstəyi verən həmkarlarımı niyə unudum ki?! Ondan sonra hər seçki paylaşımıma “Yanınızdayıq!” deyə dəstək olurdu.

Zülfüqarın dəstəyini bir də anam rəhmətə gedəndə gördüm. Başsağlığına gəlmişdi. İndi bu gün anamın sonbeşiyi yaşda olan Zülfüqar üçün biz ailəsinə, doğmalarına başsağlığı veririk. Kəlbəcər qayaları kimi sərt, gümrah görünən Zülfüqar sən demə ürəyinin yağını çoxdan əridibmiş. Bu məmləkətin hər bir fədakar vətəndaşı kimi; jurnalisti kimi, müəllimi kimi, əsgəri kimi, qazisi kimi….

Əslində Zülfüqar vəfat etməsəydi, bu yazım onun yox, qazi Aqilin hekayəsi ilə başlamalıydı.
Aqil Şəkinin Kiş kəndindəndir. Xüsusi təyinatlı əsgər kimi 44 günlük müharibədə Murovdan Şuşaya kimi döyüş yolu keçib. Bədənində bu gün bir neçə qəlpə yarası gəzdirir. Amma əlilliyini bu gözəlim məmləkətdə heç kimə sübut edə bilmir. Ötən gün Əlillərin Bərpa Mərkəzində olub. Orada Aqilə necə münasibət göstəriblərsə, LAF TV-yə əli-ayağı əsə-əsə gəlmişdi. Veriliış boyu da əsəbdən kəkələyə-kəkələyə danışdı. Əynindəki hərbi paltara, yaxasındakı medallara baxıb belə dedi; daha iyrənirəm bu paltardan, elə bilirəm erməniyəm. Aqilə ” əstəgfürallah de” söylədim, onu mübariz olmağa çağırdım, amma eyni zamanda ” kənardan döyüş asan gəlir” deyən Aqilə haqq da qazandırdım.

Aqil mübarizə üçün əzmi hardan alsın? 23 yaşı var, kənddə hətta ən kasıbın da bir daxması olur. Aqilgilin heç o daxması da yoxdur. Kiş kəndində kirayədə qalırlar. Müharibədən sonra Şəki İpək kombinatında mühafizə işinə düzəlib. Günlərin bir günü iş başında bayılıb. Məlum olub ki, epilepsiyası var. Aqili sağlamlığına görə işdən çıxarıblar. İndi heç yer onu işə götürmür. Deyirlər, get əlilik al. Əlillik verənlər isə deyir, əlilliyin heç adını da çəkmə, sağlamsan. Hətta epilepsiya xəstəliyini də müharibə fəsadı kimi görmürlər. Deyirlər əvvəldən yəqin bu xəstəlik səndə olub. Aqil də deyir ki, əvvəldən vardısa, onda məni müharibəyə niyə aparırdılar? Hansı məmur, oliqarx balasının yerinə tutub basıblar? Və ən iyrənci… Aqilə, yaxandakı medalları satın almısan deyirlər.

Əsəblərinə görə, həkimlər arada ona “siqaret çək” deyiblər. Amma o, siqaret pulunu da fəhlə atasından alır. Çünki, aylıq 80 manat pensiyadan başqa gəliri yoxdur. İndi 23 yaşlı qazinin ağlından ancaq intihar etmək keçir. Əlbəttə, ürəklə beyin bu barədə ortaq razılaşmaya gəlsə, bir gün o da olacaq. Onda biz acizanə şəkildə, utanmaz-utanmaz Aqilin ürəyindən yazacağıq. Bu gün Zülfüqarın ürəyindən yazdığımız kimi. Onlar isə…bizə, biz ürəksizlərə, yəqin ki, göylərdən baxıb belə pışıldayacaqlar;
Çıxıb gedərəm dünyamızdan
gedişimi asanca unudarsınız
yaşadığımı unutduğunuz kimi…

Ləman Ələşrəfqızı
xüsusi olaraq Gününsəsi üçün